İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

   İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var    I Ekspert detalları açıqlayıb
  17 İyun 2025    Oxunub:16925
İsrailin İranla müharibədə əsas hədəflərindən biri Tehranın nüvə proqramını dayandırmaqdan ibarətdir. Hazırda bu ölkəyə qarşı hərbi əməliyyatlarda İsrailin ehtiyac duyduğu əsas silah idarəolunan bunker əleyhinə bombalardır. Çünki cənub qonşumuzun bəzi nüvə obyektləri 80-90 metr dərinlikdə yerləşir.
Onların ölkənin ucqar rayonlarında, əsasən Əfqanıstan ilə sərhəddəki yeraltı idarəetmə məntəqələrində yerləşməsi ehtimalı böyükdür.. Odur ki, İsrail ayətullah Xameneini və yeraltı nüvə obyektlərini məhv etmək üçün ABŞ-dan GBU-57 adlanan bunker əleyhinə bombaları əldə etməyə çalışır.

Bu bombalar ABŞ-nin məşhur təyyarə istehsalçısı “Boeing” tərəfindən hazırlanıb. O, partlamazdan əvvəl torpaq qatının 61 metr dərinliyinə və ya 19 metrə qədər dəmir-betona nüfuz etməyə qadirdir. 2007-ci ildə İranın və KXDR-in yeraltı istehkamlarını məhv etmək üçün hazırlanan 20 ədəd GBU-57 bombası 2011-ci ilin noyabrında ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verilib.



Sonradan Pentaqon GBU-57-nin bu məqsədlər üçün kifayət qədər güclü olmadığını etiraf edib və 2013-cü ilin yanvarında onların modernləşdirilməsinə başlanıb. Sursatın təkmilləşdirilməsinə sərf olunan vəsait nəzərə alınmaqla inkişaf proqramının ümumi dəyəri təxminən 400 milyon dollar təşkil edib. ABŞ administrasiyası hazırda İran hakimiyyətinə qarşı rıçaq kimi bunker əleyhinə bombaların İsrailə ötürülməsi məsələsindən istifadə edir. Hazırda ABŞ-yə məxsus iki aviadaşıyıcı zərbə qruplaşması, onlarla yanacaqdaşıyan təyyarə İrana yaxınlaşır.

Bu isə 100-dən çox müasir F-35 qırıcı təyyarə, minlərlə “Tomoqavk” qanadlı raketləri, masir HHM kompleksləri deməkdir. Belə bir qruplaşmanın tərkibinə ABŞ-nin Avropada, Yaxın Şərqdə və Ərəbistan yarımadasında mövcud olan hərbi potensialını və Trampın son “Tehranı boşaldın” bəyanatını da əlavə etsək, İranın yaxın 2-3 gündə vəziyyətinin kritik həddə çatacağı şübhəsizdir.



Belə bir vəziyyətdə ABŞ-nin bunker əleyhinə bombaları İsrailə verəcəyi gözlənilir. ABŞ daha ağır və səmərəli olan GBU-72 bombalarına da malikdir, lakin onları hədəfə atmaq üçün B-2 tipli ağır bombarbardmançıya ehtiyac var ki, bu təyyarələr də İsraildə mövcud deyil.

Digər tərəfdən isə 2018-ci ilə qədər GBU-57 bombaları daha dərində yerləşən hədəfləri vurmaq üçün modernləşdirilib. Odur ki, İsrailin GBU-57 bombasını əldə etməsi daha məqsədəuyğundur. Böyük ehtimalla yaxın gələcəkdə bu bombaların real müharibə şəraitində istifadəsini izləmək imkanımız olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: İsrail   İran   Bomba  



Xəbər lenti