Moskvanın nəinki qeyd-şərtsiz atəşkəsə razılaşmaması, hətta yeni ərazilər tutması fonunda ABŞ prezidentinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən yayınmasını Ukraynanın müttəfiqləri az qala Trampın rusiyalı həmkarı Vladimir Putinə hüsn-rəğbəti ilə əsaslandırmağa çalışırlar.
Nüvə müharibəsi təhlükəsi
Lakin Donald Trampın Moskva ilə körpüləri bərpa etmək cəhdləri heç də sırf Ukrayna ilə yox, qlobal siyasi gündəliyin bir sıra ciddi problemləri ilə bağlıdır.
Ağ Ev administrasiyasını qayğılandıran problemlərdən biri gələn ilin fevralında Strateji Hücum Silahlarının (SHS) ixtisarı və məhdudlaşdırılması barədə SHS-3 müqaviləsinin müddətinin sona çatmasıdır. Bu müqavilə zərbə endirmək məsafəsi 5000 kilometrdən artıq olan qitələrarası ballistik raketlərə (QBR) aiddir.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra əvvəlcə Vaşinqton, sonra isə Moskva onun fəaliyyətini dayandırıb. Son vaxtlar Rusiyanın Təhlükəsizlik doktrinasına, ekzistensial təhlükə yaranacağı halda, nüvə silahından istifadənin mümkünlüyü barədə müddəanın salınması ABŞ-nin narahatlığını daha da gücləndirir. Digər tərəfdən, hazırda Rusiyanın təbii müttəfiqi rolunda çıxış edən Çin də öz nüvə potensialını sürətlə artırır.

Hələ ilk prezidentliyi dövründən nüvə müharibəsi təhdidinin aradan qaldırılması ideyasına sadiq qalan Donald Tramp bu il fevralın ortalarında Rusiya və Çinlə nüvə arsenallarının azaldılması, eləcə də yeni nüvə başlıqlarının yaradılması xərclərinin ixtisarı barədə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
Onun fikrincə, denuklearizasiya üzrə danışıqlar Ukrayna və Yaxın Şərqdə hərbi münaqişələr başa çatdıqdan dərhal sonra başlaya bilər.
ABŞ-Rusiya-Çin: qlobal triumvirat?
Donald Trampın ABŞ-Rusiya münasibətlərinin tənzimlənməsində maraqları həm də Rusiya-Çin tandemini parçalamaq istəyi ilə bağlıdır. Hazırda Trampın Ukraynaya və Avropa İttifaqına (Aİ) təzyiq siyasətinin, habelə ABŞ-Çin qarşıdurmasının arxasında Moskvanı Vaşinqtonun tərəfinə çəkmək məqsədinin dayandığı şübhə doğurmur.
Belə ki, Rusiyanın hakim dairələrində qərbpərəst qüvvələr malların, xüsusən də avtomobil və elektronikanın istehsalı sahəsində Çindən asılılığın artmasından narazıdır. Bununla yanaşı, Moskva digər Asiya ölkələri ilə də ticarətdə maraqlıdır ki, bu da yalnız sanksiyaların yumşaldılması sayəsində mümkündür. ABŞ-Rusiya münasibətlərində istiləşmə Moskvaya öz iqtisadiyyatını şaxələndirmək və Vaşinqtonun ən vacib rəqib saydığı Pekindən daha müstəqil olmaq imkanı yaradacaq.
Həmçinin, Kremllə Arktikada ABŞ-Rusiya əməkdaşlığını genişləndirmək barədə razılığa gəlməklə Ağ Ev burada Çinin böyük iddialarını neytrallaşdırmaq müstəvisində özünə ciddi müttəfiq qazana bilər. Buna görə də, hazırda Çini ABŞ-nin ən ciddi potensial rəqibi sayan Tramp adminsitrasiyası Moskva-Pekin mehvərinin möhkəmlənməsinə mane olmağa çalışır.
Lakin, “proseslərin qarşısını ala bilmirsənsə, çalış onlara başçılıq et” prinsipinə söykənən Ağ Evin, eyni zamanda, ABŞ, Rusiya və Çinin birgə nəzarəti altında yeni dünya nizamının yaradılması barədə Moskva və Pekinlə pərdəarxası sövdələşmələr apardığı da istisna deyil.

Belə ki, SSRİ-nin parçalanmasından sonra 20-30 il ərzində ABŞ-nin hegemonluğu altında mövcud olmuş birqütblü dünya nizamını Vaşinqton qoruyub-saxlamaqa ciddi problemlərlə üzləşib.
Bu baxımdan, Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin beynəlxalq aləmdə
söz sahibi olmaq iddialarını neytrallaşdırmaq üçün Moskva və Pekinlə müştərək üçqütblü dünya nizamını yaratmaq Vaşinqtonun maraqlarına daha çox cavab verir. Vaşinqton Moskva və Pekinlə ortaq məxrəcə gəlməyi daha əlçatan və məqbul variant sayır.
Üçqütblü dünya nizamında ABŞ Qlobal Şimalın, Çin Qlobal Cənubun, Rusiya isə Orta Məkanın təmsilçisi kimi çıxış edə bilər. Bu konfiqurasiyada ABŞ “siyasi cırtdan” saydığı Avropaya özünün əlavəsi rolunu hazırlayıb.
Məhz ABŞ, Rusiya və Çinin üçqütblü dünyanın güc mərkəzləri kimi rolunu şərtləndirən əsas amil onların ən böyük nüvə silahı potensialına malik olmasıdır. Doğrudur, Çin bu parametr üzrə ABŞ və Rusiyadan xeyli geridə olsa da, Böyük Britaniya və Fransanı təxminən ikiqat üstələyir. Eyni zamanda, Çin çox böyük sürətlə öz nüvə potensialını artırır.
Ağ Ev administrasiyasının yeni dünya nizamında maraqlı olduğunu digər faktlar da sübut edir. Məsələn, vəzifəsinin icrasına başlayan kimi Donald Trampın imzaladığı ilk sərəncamlardan biri ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə oldu. Onun daha bir sərəncamı ilə ABŞ BMT-nin İnsan Hüquqları Şurasını və Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyini (UNRWA) tərk edib.
Həmçinin, ABŞ-nin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) və YUNESKO-dan çıxmağı nəzərdən keçirdiyi bildirilir. Ağ Ev administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sərgilədiyi neqativ mövqe də getdikcə daha da sərtləşir.
Sözügedən qurumlar birbaşa və ya dolayısı ilə Yalta-Podstam dünya nizamının komponentləridir. Bu sistemin əsas təsisatçılarından biri olmuş dövlətin həmin qurumalrdan çıxması və ya onların fəaliyyətini iflic vəziyyətinə salması yeni dünya nizamının yayardılması zərurətini qaçılmaz edir.
Donald Trampın ABŞ-nin 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT-nin sülhməramlı əməliyyatlarını maliyyələşdirməyi tamamilə dayandırması təklifi və bu ilin əvvəlinə Vaşinqtonun BMT büdcəsinə borcunun 2,8 milyard dollara çatması da təsadüf sayıla bilməz.
Donald Trampın Kanada və Qrenlandiyanın ilhaqı ilə bağlı iddiaları, eyni zamanda, Ukraynanın müəyyən ərazilərinin Rusiya tərəfindən işğalını hüquqi və ya faktiki baxımdan tanımağa hazır olması, habelə İsrailin xeyrinə Yaxın Şərqdə bəzi sərhədlərin dəyişdirilməsi ideyasını dəstəkləməsi də bu siyasətin tərkib hisəsidir. Belə ki, klassik düstura əsasən, sərhədlərin dəyişdirilməsi yeni dünya nizamının formalaşdıran vacib amillərdən biridir.
Bu 3 dövlətin yeni dünya nizamında xüsusi yerini şərtləndirən digər vacib məqamlar da mövcuddur:
1.ABŞ-nin güclü hərbi-iqtisadi potensialı və yüksək texnologiyalar dominantlığı, Amerika dollarının dünyada vahid ehtiyat valyuta olması.
2.Çinin nəhəng əmək qabiliyyətli insan kapitalı və dünyada ən böyük Ümumdaxili məhsulu (ÜDM), nadir metalların zəngin ehtiyatlrı, habelə yüskək texnologiyalar və hərbi sahədə davamlı inkişafı, həmçinin qlobal miqyasda ən effektli demoqrafik ekspansiyası.
3.Rusiyanın hərbi gücü və nəhəng həcmdə təbii sərvətlərə, xüsusilə də, dünyada ən böyük təbii qaz və içməli su ehtiyatlarına, həmçinin “təbii qala” xarakterli dünyada ən böyük coğrafi əraziyə malik olması.
Rusiya üçün sülh təhlükəsi
Amma bu, heç də Ağ Ev administrasiyasının Rusiyanı strateji məğlubiyyətə uğratmaq siyasətini tarixin arxivinə göndərməsi anlamına gəlmir. Sadəcə, Vladimir Putinin siyasi-psixoloji portretini daha düzgün dəyərləndirən Tramp komandası Co Bayden administrasiyasından fərqli olaraq Rusiyanı “dost ağuşunda boğmaq” taktikasını seçib.

Tarixi faktlar sübut edir ki, Moskva bir qayda olaraq müharibələri yox, sülhü uduzub. Belə ki, verdiyi insan itkiləri ilə hesablaşmayan Rusiyada imperiya düşüncəsi cəmiyyətin xarici təhlükəyə qarşı hakimiyyət ətrafında birləşməsini təmin edir. Lakin kollektiv Qərbin qarşılıqlı iqtibas (inteqrasiya) formasında Rusiyanın siyasi elitasına təklif etdiyi konvergensiya konsepsiyası son məqamda Moskvanın böyük geosiyasi məğlubiyyətini şərtləndirib.
Bu baxımdan, Donald Trampın siyasəti əslində məhz Putin hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərinin tənzimlənməsini nəzərdə tutur. Postputin dövrü üçün isə Rusiyada qərbpərəst siyasi fiqurun hakimiyyətə gətirilməsi yönündə iş heç vaxt dayandırılmayıb. Hətta Rusiyanın indiki hakimiyyət dairələrində buna hazır olanlar kifayət qədərdir.
Sahil İsgəndərov, politoloq
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


