Sonra təhsil və innovasiya sahələrində Türk dünyası və Macarıstan arasında daha sıx əməkdaşlığa həsr olunmuş iki plenar sessiya təşkil olunub. Sessiyalarda türk dövlətlərinin təhsil və innovasiya üzrə nazir müavinlərinin çıxışları dinlənilib.
Tədbirin ikinci günündə sammit “Ortaq mədəni əlaqələrimiz: ənənələrimizi dünyaya nümayiş etdirmək üçün region olaraq necə daha yaxşı əməkdaşlıq edə bilərik?” mövzusunda üçüncü plenar sessiya ilə davam edib.
TÜRKSOY-un baş katibi Sultan Raevin açılış nitqindən sonra nazir müavini S.Yusifova ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan həmkarları çıxış ediblər.
Nazir müavini çıxışında Azərbaycan ilə Macarıstan arasında son illərdə mədəni əməkdaşlıq sahəsində əldə edilmiş uğurlu nəticələri diqqətə çatdırıb.
O, iki ölkə arasında dostluq münasibətlərinin mədəniyyət sahəsində də yüksək səviyyədə inkişaf etdiyini deyib. Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ilk dəfə Türk Dünyası Mədəniyyət Forumu keçirilib və türk dövlətlərinin mədəni əməkdaşlığı baxımından mühüm təşəbbüslər irəli sürülüb. Eyni zamanda Forumun yekunlarına dair “Şuşa bəyannaməsi” qəbul olunub.
Bildirilib ki, türk respublikalarının zəngin tarixi-mədəni irsini əks etdirən ortaq filmlərin, animasiyaların çəkilməsi, bu sahədə mütəxəssislər arasında mübadilə proqramlarının həyata keçirilməsi və s. xalqlarımızı daha da yaxınlaşdırar. Sammitin sonunda bəyanat qəbul olunub.
Sənəddə mədəniyyət sahəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, film sənayesi üzrə əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin muzey işi və media savadlılığı sahəsində gənclərin potensialının artırılması və s. məsələlər əksini tapıb.
AzVision.az