Avropa Kiyevə köməkçi deyil

   Avropa Kiyevə köməkçi deyil
  30 Aprel 2025    Oxunub:276
Avropa Ukrayna üçün 25 min nəfərlik sülhməramlı qüvvə toplamaqda çətinlik çəkəcək.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Times” nəşrinin yazdığına görə, Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin Ukraynaya göndəriləcək 64 min hərbçidən ibarət ordunun yaradılmasını təklif edib. Bununla belə, Avropa ölkələrinin Müdafiə nazirləri görüşlərdə belə bir kontingentin toplanmasının mümkün olmadığını və hətta 25 min əsgərin əhəmiyyətli birgə səy tələb edəcəyini bildiriblər.
Nəşr qeyd edir ki, aprelin 10-da Brüsseldə “istəklilər koalisiyası” çərçivəsində keçirilən görüşdə və sonradan dar çərçivədə müzakirələr zamanı Müdafiə nazirləri britaniyalı həmkarları Con Hilə iki il ərzində rotasiyaları nəzərə alaraq 25 minlik kontingenti saxlamaq üçün təxminən 256 min hərbçinin lazım olduğu barədə məlumat veriblər.

“Böyük Britaniya 10 minə qədər, Fransa isə 5 mindən 10 minədək əsgər verməyə hazırdır. Estoniya və Finlandiya missiyada iştirakın öz sərhədlərinin müdafiəsini zəiflədəcəyindən qorxur. Polşa, İspaniya və İtaliya qoşun göndərməkdən birbaşa imtina edir. Finlandiya və Almaniya ümumiyyətlə quru qoşunlarının göndərilməsinin əleyhinədirlər. Hərçənd, Almaniya belə bir ehtimalı tamamilə istisna etmir”, - qəzet vurğulayır.

Avropa ölkələri, həmçinin belə halda Rusiyanın reaksiyasından narahatdır. Böyük ehtimal olunan planlara əsasən, Böyük Britaniyanın və Fransanın hərbi təlimçiləri Ukraynanın qərbinə göndəriləcək və onlar cəbhə xəttinə yaxın yerdə yerləşdirilməyəcək, əsas obyektlərin və ya Ukrayna qoşunlarının mühafizəsi ilə məşğul olmayacaqlar.

Xatırlaadq ki, Ukraynaya xarici qoşunların göndərilməsi ilə bağlı müzakirələr 2024-cü ildən davam edir. Bu ilin yanvarında Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron bu dövlətlərin qoşunlarının Ukraynada iştirakını daha ətraflı müzakirə etməyə başlayıblar. Moskva, öz növbəsində, Ukraynada Qərb qoşunlarının mövcudluğunun qəti əleyhinədir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dəfələrlə bunu qəbuledilməz adlandırıb və fevralın 18-də ABŞ ilə danışıqlardan sonra Moskvanın sülh sazişi çərçivəsində NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinə razı olmayacağını təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Ukrayna   qoşunlar  





Xəbər lenti