Keçmişdən gələcəyə Sarı axan çay: Xuanxe sahilindən reportaj

   Keçmişdən gələcəyə Sarı axan çay:    Xuanxe sahilindən reportaj
  27 Aprel 2025    Oxunub:515
Çin bəşər tarixinin ən qədim və ən böyük sivilizasiyalarından biridir. O nəinki bu günə qədər sağ qalıb, hətta bütün əzəməti və gücü ilə inkişafdadır. Çini yaxından tanımaq və dərk etmək lazımdır. AzVision.az-ın rus versiyasının redaktoru Seymur Məmmədovun Çin səfərindən qeydlərin bu mənada çox maraqlı olacağını düşünürük.
Bir neçə gün əvvəl Seymurun Naxçıvanın yeni qardaşı Urumçidən reportajını təqdim etmişdik. Bu dəfə isə Qansu əyalətinin paytaxtı Lançjouda gördüklərilə tanış olacaqsınız. Lançjouda olmamaq və Sarı çayı görməmək elə Çini görməmək deməkdir. Çünki əslində hər şey burada başlayıb - Xuanxe çayının sahilində.

Lançjou şəhəri Pekindən 1160 km cənub-qərbdə, Böyük Çin Səddi yaxınlığında, Xuanxe çayının üzərində yerləşir. Çinin əsas çayı birbaşa şəhərdən keçir və onun qolları Lançjounu bir neçə hissəyə bölür. Şəhərin ərazisində beş min il əvvəl də insanlar yaşayıblar. Minilliklər keçsə də, Sarı çay hələ də yavaş-yavaş axır. Bizə deyildiyinə görə, Çin sivilizasiyası məhz buradan başlayıb.

Lançjou Böyük İpək Yolunun mühüm məntəqəsi olub. Bu ticarət dəhlizi Xan sülaləsi dövründə inkişaf edərək, əhəmiyyətli kommunikasiya mərkəzinə çevrilib. Onu qorumaq üçün hətta Böyük Çin səddi uzadılıb. Lançjou Çin və Qərb ölkələri arasında iqtisadi-mədəni əlaqənin təşviqində də dominant rol oynayıb. Çin Xalq Respublikası yarandıqdan sonra Lançjou yaxınlığında neft yataqları tapılıb və şəhər mühüm neft-kimya mərkəzinə çevirib.

İndi yeni rayon inkişaf etdirilir - Lançjou şəhərinin "Bir kəmər, bir yol" layihəsinin əsas nöqtəsinə çevrilməsi çərçivəsində infrastruktur yaradılmasını nəzərdə tutan Lanzhou New Area rayonu. Yeni ərazi aktiv şəkildə məskunlaşır, iri şirkətlər burada öz müəssisələrini və nümayəndəliklərini açır. Avtomobil şirkəti “Geely”, neft hasilatı və emalı üçün avadanlıq istehsal edən “LS Group” və optik elektronikanı inkişaf etdirən “Silian” artıq “Lançjou New Area”da fəaliyyət göstərir. Yeni regionun əsas sənayesi neft-kimyadır; əsas diqqət əlvan metallara, yüksək texnologiyalara və s. yetirilir.
Naxçıvanın yeni qardaşı | Urumçidən reportaj

Lançjounun gözəllikləri haqqında az sonra danışacağıq. Reportajıma isə Duzhe Nəşriyyat Qrupuna baş çəkməyimizdən başlayıram. “Duzhe Publishing Group Limited” 1951-ci ildə əsası qoyulmuş Qansu Xalq Nəşriyyatı əsasında 2006-cı ildə yaradılıb. 2009-cu ildə səhmdar cəmiyyətə çevrilib və adətən “Duzhe Media” kimi tanınan “Düzhe Nəşriyyat Media” MMC-ni təsis edib.

“Duzhe Media” özünü ilk dəfə 2015-ci ilin dekabrında Şanxay Fond Birjasında təqdim etdi və ölkənin şimal-qərbindəki əsas birjasında qeydiyyata alınmış ilk media müəssisəsi oldu. Şirkət əsasən dövri nəşrlərin, eləcə də kitabların nəşri və yayımı ilə məşğul olur. 2017-ci ildə redaktə, çap və yayımı birləşdirən mədəniyyət müəssisəsi kimi mövqeyini gücləndirərək, “Feitian Publishing Media Group” ilə birlikdə strateji baxımdan yenidən təşkilatlandı. Hazırda qrupun ümumi aktivləri təqribən 6,863 milyard yuanı, xalis aktivləri isə 3,885 milyard yuanı ötüb. Şirkətin doqquz nəşriyyat bölməsi (biri elektron audiovizual nəşrlər üçün olmaqla) və dərslik nəşri mərkəzi var.


Duzhe Media “Duzhe & UFO Research” da daxil olmaqla 13 jurnal nəşr edir. Onun başlıca məhsulu olan “Duzhe Media Magazine” ilk dəfə 1981-ci ildə çıxıb, uzun illər Çində aparıcı nəşr olub və “Çin xalqının mənəvi kitabçası” kimi şöhrət qazanıb. “Duzhe Brand” 47,369 milyard yuan dəyəri ilə 20 ildir ardıcıl olaraq “World Brand Lab” versiyası üzrə Çinin ən qiymətli 500 markası arasında yer alır. Bu nəhəng ölkədə hər şey böyükdür - həm şirkətlər, həm də rəqəmlər.

“Gancy Daily Newspaper Group”un redaksiyasına baş çəkməyimiz də çox maralı oldu. Yəqin ki, gülməli səslənəcək, amma beynimdə istər-istəməz Azərbaycan mediasında hər şeyin necə təşkil olunduğu ilə müqayisələr fırlandı, hətta öz redaksiyamdakı otaqların, dəhlizlərin yerini xatırladım.

1949-cu il sentyabrın 1-də əsası qoyulan "Gansu Daily" Çin Kommunist Partiyası Qansu Əyalət Komitəsinin rəsmi qəzetidir. Redaksiyanın respublikanın 14 şəhərində çoxlu şöbələri və hesabat məntəqələri var. Dövlətə məxsus “Gansu Daily Newspaper Group” 7 qəzetə, 2 xəbər proqramına, 5 veb-sayta malikdir və 48 yeni media hesabını idarə edir. Qrupa 7 hərtərəfli idarəetmə departamentindən əlavə, ümumi aktivləri 746 milyon yuan olan reklam, nəşriyyat, poliqrafiya, yeni media menecmenti, qeyri-qəzet sənayesi və digər sahələri əhatə edən 19 törəmə müəssisə daxildir.

Hazırda “Gansu New Media Group” iki xəbər proqramı, o cümlədən “New Gansu və Benliu News”, eləcə də “www.gansudaily.com.cn” veb-sayt ilə işləyir, əyalətin birləşmiş mediasının New Gansu Cloud texnologiya platformasını qurur və idarə edir. Bundan əlavə, qrup Media Konvergensiyasının ikinci Əsas Əyalət Laboratoriyasını, Qansu Beynəlxalq Kommunikasiya Mərkəzini, Media Müəllif Hüquqları Müdafiə Mərkəzini və Qansu Hökumətinin Omnimedia Əməliyyat və Baxım Mərkəzini yaradıb.


“Gansu Daily Newspaper Group” mürəkkəb strukturdur. Demək olar ki, bütün redaksiya binalarında müvafiq tapşırıqlar üçün nəzərdə tutulmuş müxtəlif monitorlar quraşdırılıb. Onunla tanışlıq çox maraqlı bir təcrübə oldu. Biz miqyasları qiymətləndirə, çinli jurnalistlərin necə işlədiyini görə bildik. Media dünyası faktiki olaraq heç bir sərhəd tanımır, Çin də bundan çox yaxşı və düzgün istifadə edir.

Lançjou ətrafında gəzmək, onun görməli tarixi-mədəni yerlərini araşdırmaq bizə yüksək texnologiyalar dövründən uzaq keçmişə qayıtmağa imkan verdi. Bura bütün tarixi şəhərlər kimi antik dövrün izləri ilə zəngindir.

Xuanxe çayının sahilində dayanmaq özü bir zövqdür. Çinin ikinci ən uzun çayı silinməz təəssüratlar yaradır. Onun sarı sularının hərəkətinə baxanda müəyyən bir qüvvənin varlığını hiss edirsən. Bir çox insanlar Sarı çayın rənginin su anbarının çirklənməsi ilə əlaqəli olduğunu düşünürlər. Amma əslində belə deyil. Xuanxe - “sarı çay” kimi tərcümə olunur və bu adı ona qədimdən geoloji xüsusiyyətlərinə, çöküntü bolluğu ilə əlaqəli suyun sarımtıl rənginə görə verilib. Yeri gəlmişkən, Sarın çayın töküldüyü Sarı dənizin adı da onunla bağlıdır.


Sarı çay vadisində 3 min il əvvəl qədim Çin sülalələri formalaşmağa başlayıb. Min illər boyu Sarı çay mədəniyyəti Çin sivilizasiyasının əsas siyasi, iqtisadi, hərbi və ideoloji nüvəsi olub. Sarı çayın uzunluğu 5 min kilometrdir və bu kilometrlərin hər biri Çin tarixinin müəyyən dövrü ilə bağlıdır.

Lançjou şəhərinin möhtəşəm təbii və tarixi görməli yerlərindən biri şimal hissədə yerləşən Ağ Paqoda Parkı, eləcə də qədim zamanlarda Böyük İpək Yolu boyunca səyahət edənlərin və karvanların keçməsinə imkan verən Çjonşan körpüsüdür. Burada hər şey əfsanələrlə əhatə olunub. Məsələn, parka adını verən “Ağ Paqoda”nın özünün də qədim tarixi var. Deyilənə görə bu məbəd, Çingiz xanla görüşmək üçün Monqolustana gedərkən Lançjouda vəfat etmiş Tibet lamasının şərəfinə tikilib. Hazırda bu məbəd kompleksi Çin memarlığının şah əsəri sayılır.

Digər təəssürat doğuran park Beş Qaynaq Parkıdır. Onun artıq 2 min yaşı var! Bu gün o təkcə istirahət yeri deyil, həm də ərazisində bir neçə məbədin olduğu tarixi-mədəni qoruqdur. Şəhərin cənub hissəsində isə Qaolanşan dağının zirvəsində 10 km ərazidə uzanan Lanşan parkı var. Bizə deyildiyinə görə, yapon işğalı zamanı park demək olar ki, tamamilə dağıdılıb və şəhər azad edildikdən sonra dağın başında yalnız bir ağac qalıb. Şəhər sakinlərinin səyləri ilə park yenidən bərpa edilib və bu gün Lançjou şəhərinin ən mənzərəli yerlərindən biridir. Təsdiq edə bilərəm ki, bu həqiqətən də belədir.

Çinə yola düşməzdən əvvəl səyahət saytlarından birində oxumuşdum ki, Lançjouda ən maraqlı yerlərdən biri Qansu muzeyidir. Səfərim zamanı bu muzeyi ziyarət etmək şansım da oldu. O həqiqətən çox diqqətəlayiqdir. “E” hərfi şəklində tikilmiş bina dərhal diqqəti cəlb edir. Üç bina dəhlizlərlə birləşdirilərək, vahid muzey kompleksinə birləşdirilib. Onu da deməliyəm ki, Çində binaları sadəcə tikmək xatirinə tikmir, əksər hallarda yaradırlar.

Muzeydə rayonun flora və faunasından bəhs edən 350 min tarixi və mədəni eksponat, o cümlədən faydalı qazıntılar və nümunələr var. Muzeyin kolleksiyasının tacı 14 sm hündürlüyündə, arxasında döyüş arabaları və atlardan ibarət kortej olan Uveydən gətirilmiş tunc Uçan Atdır. Nadir eksponat Xan sülaləsi dövrünə aiddir.

İpək yoluna həsr olunmuş ekspozisiya çox zəngindir. Muzeydən verilən məlumata görə, sərgidə nümayiş etdirilən boyalı qab nümunələri qədim sivilizasiyanın eramızdan əvvəl 5-ci minilliyə aid olduğu güman edilən Dadivan şəhərində aparılan qazıntılar zamanı aşkar edilib.

Paleontoloji ekspozisiyadan, daimi və müvəqqəti olan digər muzey sərgilərindən maraqlı məlumatlar əldə etmək olar. Ümumiyyətlə, muzeylə ətraflı tanış olmaq çox vaxt tələb edir.


Proqramımızın son hissəsi Dunhuan İncəsənət Qalereyasına səfər oldu. Bura Dunhuan Mağara Məbədlərinin Rəqəmsal Sərgisi idi. Burada rəsmlər deyil, Çinin qərbindəki Dunhuan şəhərindəki məşhur Moqao mağaraları qalıqlarının 2D renderləri və 3D modelləri sərgilənir. Eksponatlar rəqəmsal texnologiyadan istifadə edilməklə yaradılıb ki, bu da əfsanəvi abidəni çoxları üçün əlçatan edib. Böyük turist axını unikal abidəyə ciddi ziyan vura bilər, ona görə də, çinli mütəxəssislər belə bir sərgiyə üstünlük verirlər. Təsadüfi deyil ki, Moqao mağaralarını Çin sivilizasiyasının xəzinəsi adlandırırlar. Bu tarixi abidənin min yeddi yüz ildən çox yaşı var. Burada yeddi yüz otuz beş mağara, onların içərisində qırx beş min kvadrat metr freska və iki mindən çox boyalı heykəl var! Miqyası təsəvvür etdiniz? Moqao mağaraları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Freskaların və heykəllərin rəqəmsal təsvirlərində fəlsəfə və yüksək ruh var. Qeyri-real görüntülər də enerji ilə bəxş edir. Görün, mağaralara baş çəkmək hansı hisslər yaradar. Ümid edirəm ki, Çinə sonuncu səfərim deyil və bu arzumu həyata keçirə biləcəyəm. Dunhuan möcüzələri ilə tanışlıq Lançjou səfərimizin mükəmməl sonu oldu. Buradan Çenduya getdik. Növbəti hekayəm bu haqda olacaq.

Seymur Məmmədov
AzVision.az-ın rus versiyasının redaktoru


Teqlər:   Çin   Lançjou  





Xəbər lenti