“ARKA kinonun inkişafına daha çox fokuslanacaq” – Rəşad Əzizov
Onun sözlərinə görə, yenə də əvvəlki kimi kino siyasətini Mədəniyyət Nazirliyi müəyyənləşdirəcək, ARKA isə həyata keçirəcək.
“Kino Agentliyi kino çəkmir, istehsalçılar üçün münbit şərait yaradır”, - deyən agentlik direktoru bildirib ki, bu məqsədlə şirkətlərin müsabiqələrdə iştirakları da asanlaşdırılır. Beləliklə, prodüserlər resurs arxasınca qaçmaq qayğılarından azad olaraq, diqqətlərini çəkilən filmlərin keyfiyyətini artırmağa yönəldə biləcəklər.
Yalnız 2026-cı ildə 10 tammetrajlı filmin təqdim ediləcəyini, bunlardan 5-nin artıq hazır olduğunu bildirən Rəşad Əzizov deyib ki, indiyə qədər heç vaxt kino sənayemizdə belə bir hal olmamışdı. Bundan sonra əsas prioritet çəkilən filmlərin keyfiyyətini artırmaqdır.
- Biz çox istərdik ki, Azərbaycanda istehsal olunan filmlər Türkiyə, Qazaxıstan, Özbəkistan bazarlarına çıxsın. Bunun üçün büdcələrin artırılması, xarici mütəxəssislərin də cəlb olunması, birgə istehsal mexanizmlərindən daha faydalı istifadə edilməsi lazımdır. Ona görə də biz birgə istehsal üçün müvafiq müsabiqə elan etmişik. Orada da türk dünyasına aid ölkələr əsas götürülüb – Rəşad Əzizov bildirib.







Vaxtında, Aydın, Lazımlı!


