Pensiya nə qədər artacaq? I RƏSMİ

 Pensiya nə qədər artacaq?  I RƏSMİ
  10 Fevral 2026    Oxunub:4059
2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır.
AzVision.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb. Onun sözlərinə görə, bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

"Ümumilikdə isə 2018-ci ildən ötən dövrdə Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında icra olunan 5 sosial islahat paketi nəticəsində pensiyalarda da ciddi artımlara nail olunub. Minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci il üzrə artım tempi 9,3 faiz təşkil etdiyindən pensiyalar da ona uyğun olaraq eyni faizlə indeksləşdirilir. Məsələn, pensiya məbləği 500 manat olduğu təqdirdə 9,3 faiz artım 46 manat çoxalma deməkdir. Yəni bu halda pensiya 546 manat təşkil edəcək. Pensiya məbləği 1000 manat olduğu təqdirdə, həmin artım 93 manat təşkil edəcək".

Rəşad Mustafayev yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını diqqətə çatdırıb.

AzVision.az


Teqlər: Pensiya   ƏƏSMN  



Xəbər lenti