Beynəlxalq Kosmik Olimpiadanın milli final mərhələsi keçirilib

   Beynəlxalq Kosmik Olimpiadanın milli final mərhələsi keçirilib
  01 May 2025    Oxunub:560
Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kosmik Olimpiadanın milli final mərhələsi yekunlaşıb.
AzVision.az xəbər verir ki, Olimpiada “Kosmik stansiyalar” mövzusuna həsr olunub və məktəblilərdən ibarət komandalar innovativ yanaşma, yaradıcı düşüncə və elmi biliklərini nümayiş etdirərək müxtəlif praktiki tapşırıqları uğurla yerinə yetiriblər. Komandalar kosmik stansiyaların həm daxili, həm də xarici dizaynına dair funksional və yaradıcı həllər təklif etməklə onların fiziki modellərini hazırlayıblar.

Eyni zamanda, komandalar hazırladıqları stansiyaların texniki xüsusiyyətlərini və funksionallığını əhatəli şəkildə əks etdirən vizual posterlər də təqdim ediblər. Bu posterlər vasitəsilə stansiyanın hissələrinin kosmik mühitdə necə fəaliyyət göstərdiyi və hansı məqsədlərə xidmət etdiyi izah olunub.

Milli final mərhələsində iştirak edən məktəbli komandaları beş dəqiqəlik ingilisdillində təqdimatlarla kosmik stansiya modellərini və posterlərini Olimpiadanın Milli Təşkilat Komitəsinə təqdim ediblər. Olimpiadanın Milli Təşkilat Komitəsi məktəbli komandalarının təqdimatlarını texniki parametrlər və ünsiyyət bacarıqları baxımından kriteriyalara uyğun olaraq qiymətləndirib.



Olimpiadanın tapşırıqları məktəblilərin kosmos tədqiqatlarına dair real problemləri həll etmə bacarıqlarını və praktik tətbiq biliklərini qiymətləndirməyi hədəfləyib. Təqdim olunan layihələr arasından elmi əsaslandırılması, funksionallığı və yaradıcı dizaynı ilə fərqlənən komanda Olimpiadanın milli mərhələsinin qalibi elan edilib.



Akademik Zərifə Əliyeva adına liseyin komandası milli finalın qalibi olaraq 2025-ci ilin may ayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək beynəlxalq mərhələdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.

İkinci yerin qalibi “Women in Tech” layihəsi, üçüncü yerin qalibi isə 161 nömrəli tam orta məktəb olub.

Beynəlxalq Kosmik Olimpiada məktəblilərə kosmos tədqiqatları sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, elmi düşüncə və yaradıcı yanaşmalarını inkişaf etdirmək üçün mühüm platforma yaradır. Bu təşəbbüs Azərbaycanda kosmos sahəsində gələcək alimlərin yetişdirilməsinə və ölkənin elmi potensialının gücləndirilməsinə töhfə verir. 

AzVision.az



Teqlər:





Xəbər lenti