Pakistan-Hindistan sərhədində gərginlik səngimir

   Pakistan-Hindistan sərhədində gərginlik səngimir
  30 Aprel 2025    Oxunub:277
Pakistan hərbi gərginliyin artması fonunda Hindistanla həmsərhəd olan Kəşmirdə Nəzarət Xətti boyunca qoşunlarının döyüş hazırlığını gücləndirib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Economic Times” nəşrinin yayadığı məlumata görə, Pakistan hava hücumundan müdafiə (HHM) və elektron döyüş vasitələrini Sialkot bölgəsinə yerləşdirib. Həmçinin tank və piyada diviziyalarının yerdəyişməsi apaılır. Ordu aktiv şəkildə hərbi hissələrin manevrlərini həyata keçirir.

Pakistanın baş naziri Şahbaz Şərif dünən BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında İslamabadın Kəşmirin Hindistan tərəfindəki Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktında əli olmadığını bildirib.

“Mən Pakistanın terrorizmin bütün formalarını pislədiyini təkrarladım, Hindistanın əsassız iddialarını rədd etdim və şəffaf və qərəzsiz araşdırmaya çağırdım”, - Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, həmçinin BMT-ni Kəşmir probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həllində fəal rol oynamağa çağırıb.

- İslamabad sülhə sadiq qalır, lakin onan təhdid olacağı təqdirdə öz suverenliyini bütün gücü ilə qoruyacaq”, - Pakistanın baş naziri vurğulayıb.

Bundan əvvəl, aprelin 29-da Pakistanın İnformasiya və Tele-radio yayımı naziri Attaullah Tarar aprelin Hindistanın yaxın 24-36 saat ərzində Pakistana hücum planlaşdırdığını açıqlayıb.

“The Hindustan Times” nəşri, öz növbəsində, Hindistan ordusuna istinadən Pakistan əsgərlərinin Cammu və Kəşmirin bir neçə bölgəsində Nəzarət Xətti boyunca “səbəbsiz atəş” açdıqlarını bildirib.

“Aprelin 29-dan 30-na keçən gecə Pakistan qüvvələri Cammu və Kəşmirin Birlik ərazisinin Nauşera, Sunderbani və Ahnur sektorları ilə üzbəüz Nəzarət Xətti boyunca atəş açıb. Hindistan Ordusu sürətlə və mütənasib şəkildə cavab verib”, - məlumatda deyilir.

Hindistan öz səmasını Pakistan üçün bağlamaq istəyir
Eyni zamanda, Hindistanın “ANI” agentliyi hərbi mənbələrə istinadən xəbər verir ki, aprelin 29-na keçən gecə Pakistan qoşunları Hindistanla beynəlxalq sərhəddə atəşkəsi pozublar.

- Dünən səhərə qədər Pakistan ordusu atəşkəsi yalnız Nəzarət Xətti boyunca pozurdu, indi isə gecə saatlarında Cammu adasının Paraqvual sektorunda beynəlxalq sərhəd boyunca atəş açmaqla beynəlxalq sərhədlər boyu atəşkəsi pozaraq vəziyyəti gərginləşdiriblər”, - xəbərdə vurğulanır.

Nəzarət Xəttinin cənubunda Cammu rayonundakı Paraqval sektoru Hindistan və Pakistan arasında rəsmi olaraq tanınan beynəlxalq sərhəddə yerləşir.

Xatırladaq ki, Hindistan-Pakistan sərhədində gərginlik aprelin 22-də Cammu və Kəşmir ştatının məşhur Pahalqam turizm şəhərində terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.

Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” terror təşkilatının qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb. Bundan sonra Hindistan və Pakistan arasında qarşıdurma xeyli güclənib və iki ölkə sərhədində atışmalar başlayıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Pakistan   Hindistan   gərginlik  





Xəbər lenti