Gürcüstanın əsas müxalif telekanalı bağlanıb

   Gürcüstanın əsas müxalif telekanalı bağlanıb
  01 May 2025    Oxunub:502
Gürcüstanın müxalif “Mtavari arxi” telekanalı maliyyə çətinliyi səbəbindən yayımını dayandırıb.
AzVision.az xəbər verir ki, telekanalın açıqlamasında belə deyilir.

“Biz qeyri-mümkün olana tab gətirdik, lakin təəssüf ki, Gürcüstanın tarixində tez-tez baş verdiyi kimi, qalamız daxildən sındırıldı, xarici düşmən bizim öhdəmizdən gələ bilmədi. Bizi bir vaxtlar bu alınmaz divarların tikintisinə köməklik göstərən şəxs məhv etdi. Təsisçilərimizdən biri şəxsi səbəblərdən və ya qisas almaq üçün “Mtavari arxi”nin bağlanmasına səbəb oldu”, - məlumatda vurğulanır.

Telekanal 5 il 8 ay fəaliyyət göstərib və bu müddət ərzində xeyli çətinliklərlə üzləşib. Yayım başa çatdıqdan sonra “Mtavari arxi”nin yalnız rəqəmsal şöbəsi qalacaq - sosial şəbəkələr və telekanalın saytı yenilənəcək.

Telekanalın düyməsini basdıqda ekranda belə bir mesaj görünür: “Mtavari arxi burada idi, baxdığınız üçün təşəkkür edirəm, əsas sizsiniz (gürcücə - mtavari).”

Gürcüstanda müxalif telekanal işini dayandırıb
Xatrıladaq ki, 2024-cü ilin dekabrında “Mtavari arxi”nin baş direktoru Georgi Qabuniya telekanalın sahiblərindən biri, iş adamı Zaza Okuaşvilinin kanalı bağlamaq qərarına gəldiyini açıqladı. Qabuniya Okuaşvilini hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının maraqlarından çıxış etməkdə günahlandırıb. Bu il fevral ayının ortalarında kanal maliyyə böhranı ilə əlaqədar yayımını məhdudlaşdırıb, canlı verilişlərin, o cümlədən xəbərləri yayımını dayandırıb.

“Mtavari arxi” telekanalı 2019-cu ildə indiki müxalif siyasətçi, əvvəllər “Rustavi-2” televiziya şirkətinə rəhbərlik etmiş Nika Qvaramiya tərəfindən təsis olunub. İddiaları uduzduqdan sonra “Rustavi-2” başqa sahiblərin əlinə keçərək müxalifət kanalı olmaqdan çıxıb. Qvaramiya isə jurnalist komandası ilə hazırkı hökumətə qarşı yönəlmiş redaksiya siyasətini davam etdirərək “Mtavari arxi”ni yaratdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Gürcüstan   telekanal  





Xəbər lenti