ABŞ Suriyada xüsusi əməliyyata başlayıb
“13 dekabrda Palmiradakı ABŞ qüvvələrinə hücuma cavab olaraq İŞİD (İslam dövləti) yaraqlılarını, onların infrastrukturunu və silah anbarlarını hədəfə almaq üçün ABŞ qüvvələri Suriyada “Qırğı zərbəsi” əməliyyatına başlayıb”, - Pentaqonun rəhbəri “X” sosial şəbəkəsində yazıb.
Mənbəyə istinad edən “The New York Times (NYT)” qəzeti dekabrın 20-nə keçən gecə Suriyadakı əməliyyatlara Amerika qırıcılarının, hücum helikopterlərinin və artilleriyanın cəlb olunduğunu yazıb. Əməliyyat dekabrın 19-da başlayıb. Mənbə əməliyyatın dekabrın 20-si səhərə qədər davam edəcək “kütləvi hücum” olacağını bildirib.
“Fox News” telekanalının məlumatına görə, ABŞ Suriyada İŞİD-in 70 obyektinə zərbələr endirib.
Al Hadath telekanalı isə, əməliyyatda raketlərdən və ən azı altı beynəlxalq koalisiya döyüş təyyarəsindən istifadə olunduğunu iddia edib.
- Raketlər Həsəkə əyalətinin cənubunda yerləşən Əl-Şəddadi hərbi bazasından buraxılıb. Onlar Deyr əz-Zor, Rakka və Höms əyalətləri istiqamətinə atılıb. Deyr əz-Zorda partlayış səsləri eşidilib”, - telekanalın mənbələri deyib.
Amerika lideri Donald Tramp Suriya hakimiyyətinin ABŞ-ın İŞİD-ə qarşı əməliyyatını dəstəklədiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


