Agentlikdən süd vəzi xərçəngi ilə bağlı qadınlara müraciət
Xəstəliyin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltı nahiyədə bərk və nahamar törəmənin əmələ gəlməsi, gilədən ifrazat, gilənin içəriyə doğru batması, süd vəzisinin ölçülərində böyümə və ya kiçilmə, yerli hərarət və qızartı, şişkinlik, dərinin portağal qabığına bənzər görünüş alması və s. aiddir.
Süd vəzisinin yoxlanışına hər bir qadın özünü müayinə ilə başlamalıdır. 20 yaşdan yuxarı qadınlara hər menstrual siklin 5-10-cu günləri aralığında, menopauza və sonrası dövrdə olan qadınlara isə hər ayın eyni günündə güzgü önündə vizual və əl ilə özünü müayinə etməsi tövsiyə olunur. Hər qadın süd vəzilərində baş verən dəyişikliklərə diqqət etməli və hansısa dəyişiklik olduqda diaqnozun dəqiqləşdirilməsi üçün vaxtında həkimə müraciət etməlidir. Ümumiyyətlə, 20 yaşdan yuxarı qadınlara iki ildən bir ixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarı qadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək məsləhət görülür. Mammoqrafiya müayinəsi zamanı alınan radiasiya (şüalanma) digər rentgenoloji müayinələr zamanı alınan radiasiyadan daha aşağı dozadadır. Şübhəli düyün aşkarlanarsa dəqiq diaqnoz biopsiya yolu ilə qoyulur. Biopsiya zamanı süd vəzisindəki törəmədən nümunə alınır və hazırlanmış preparat mikroskop altında incələnir. Bu yolla əldə edilən nəticə dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayır.
Qeyd edək ki, süd vəzi xərçənginin inkişaf etməsinə təsir edə bilən bir çox risk faktorları var. Məsələn, irsi və yaş faktorları, hormonal dəyişikliklər, 12 yaşdan tez başlayan mensturasiya, gec yaşda menopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyi yaş və hamiləlik sayı, ana südü ilə qidalandırmamaq, siqaret və tütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəki və piylənmə, fiziki aktivliyin aşağı olması və s.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


