Kosmosdan görünən təhlükə : Metan sızmalarına niyə reaksiya verilmir?

      Kosmosdan görünən təhlükə   : Metan sızmalarına niyə reaksiya verilmir?
  24 İyul 2026    Oxunub:401
Peyklər artıq böyük həcmli metan sızmalarını kosmosdan bir neçə gün ərzində aşkarlaya bilir. Bununla belə, müəyyən edilən sızmalarla bağlı xəbərdarlıqların cəmi 13 faizi hökumətlər və ya məsul şirkətlər tərəfindən cavablandırılır.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bu boşluğu aradan qaldırmağı hədəfləyir. Qurum ötən ay Bloomberg Philanthropies fondunun dəstəyi ilə 2030-cu ilədək peyklər vasitəsilə aşkarlanan iri metan sızmalarının 80 faizinin araşdırılması və aradan qaldırılmasına nail olmağı nəzərdə tutan yeni təşəbbüsə başladığını açıqlayıb.

Hazırda yalnız 10 ölkə bu səviyyədə operativ reaksiya göstərə bilir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, metan hazırkı qlobal istiləşmənin təxminən üçdə birinə səbəb olur . Karbon qazından (CO₂) fərqli olaraq, metan atmosferdə daha qısa müddət qaldığından onun emissiyalarının azaldılması iqlim üçün müsbət nəticələrin onilliklər deyil, bir neçə il ərzində hiss olunmasına imkan verir.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, karbon qazı uzunmüddətli qlobal istiləşmənin əsas səbəbi olaraq qalır, lakin artıq metan emissiyalarının azaldılmasına da prioritet verilməlidir.

"Qətiyyətli tədbirlər görülərsə, bir nəsil dövründə temperaturun azalması baxımından nəzərəçarpacaq nəticələr əldə etmək mümkündür", – deyə o vurğulayıb.

Hazırda metan emissiyalarının 60 faizdən çoxu kənd təsərrüfatı, qalıq yanacaq sektoru və tullantılar kimi insan fəaliyyəti nəticəsində yaranır. Ekspertlərin fikrincə, emissiyaların ən sürətli və ən az xərc tələb edən şəkildə azaldılması məhz qalıq yanacaq sektorunda mümkündür.

UNEP-in Methane Alert and Response System (MARS) adlı sistemi peyk məlumatlarından istifadə etməklə yüksək səviyyəli metan sızmalarını real vaxta yaxın rejimdə müəyyən edir və onların aradan qaldırılması üçün hökumətlərə və operatorlara xəbərdarlıq göndərir.

2023-cü ildə istifadəyə verilən sistem indiyədək 33 ölkəyə 5 mindən çox xəbərdarlıq göndərib və 40-dan artıq sızmanın aradan qaldırılmasına kömək edib.

Əlcəzairdə belə xəbərdarlıqlardan biri nəticəsində onilliklər boyu davam edən metan sızması aradan qaldırılıb. UNEP-in hesablamalarına görə, bunun iqlimə təsiri hər il təxminən 500 min avtomobilin yollardan çıxarılması ilə müqayisə oluna bilər.

Bununla belə, sistemin effektivliyinə baxmayaraq, göndərilən xəbərdarlıqların yalnız 13 faizi hökumətlər və ya operatorlar tərəfindən cavablandırılır.

UNEP-in icraçı direktoru İnger Andersen bildirib ki, artıq metan çirklənməsini kosmosdan real vaxta yaxın rejimdə izləmək mümkündür.

"Artıq metan çirklənməsini baş verdiyi anda, demək olar ki, real vaxt rejimində kosmosdan görə bilirik. Belə imkan şəraitində hərəkətsizlik diqqətsizlik deyil, seçimdir", – deyə o vurğulayıb.

Genişləndirilmiş proqram çərçivəsində hökumətlərə texniki dəstəyin artırılması, metan emissiyalarına dair məlumatlara çıxışın yaxşılaşdırılması və ölkələrin sızmaları daha operativ araşdırıb aradan qaldırmaq imkanlarının gücləndirilməsi nəzərdə tutulur.

Bloomberg Philanthropies fondunun təsisçisi və BMT-nin İqlim Ambisiyaları və Həlləri üzrə xüsusi elçisi Maykl Blumberq isə qeyd edib ki, metan emissiyalarının azaldılması iqlim dəyişikliyi ilə mübarizənin ən vacib, eyni zamanda ən sadə və iqtisadi cəhətdən səmərəli addımlarından biridir.

Onun sözlərinə görə, metan sızmalarını dayandırmaq üçün artıq kifayət qədər məlumat mövcuddur və əsas məqsəd bu məlumatları daha sürətli və qətiyyətli tədbirlərə çevirməkdir.

UNEP hesab edir k i, metan sızmalarına operativ reaksiya verilməsi üçün hökumətlər və enerji operatorları daha güclü öhdəlik götürməlidirlər. Yeni təşəbbüs də məhz ölkələrin iqlim dəyişikliyinin sürətini azaltmaq üçün bu imkandan daha səmərəli istifadə etməsinə yönəlib.

Səbinə Həsənova
AzVision.az




Teqlər:






Xəbər lenti