Deputat: "Sağlamlıq turizminin inkişafı üçün geniş imkanlarımız var"

      Deputat:    "Sağlamlıq turizminin inkişafı üçün geniş imkanlarımız var"
  15 Oktyabr 2025    Oxunub:1635
"Ölkəmizdə turizm sahəsi ən mühüm sahələrdən birinə çevrilir. Bu, eyni zamanda, yeni iş yerlərinin açılmasına təkan verir. Dövlətimiz bu sahədə böyük işlər görməkdədir".
Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Bakıda keçirilən "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri" adlı beynəlxalq konfransda Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib. O bildirib ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün çox geniş imkanlar mövcuddur.

"Son vaxtlar bu sahədə də ciddi işlər aparılır. Dünyada sağlamlıq turizmi ümumi turizm sektorunda böyük paya malikdir. Bir sıra xarici ölkədə bu sahə əhəmiyyətli, eyni zamanda, gəlirli istiqamətə çevrilib. Azərbaycanın bölgələrində də sağlamlıq turizminin formalaşmasına zəmin yaradan yüksək infrastruktur mövcuddur. İstər Duzdağda, istər Naftalanda, eləcə də digər yerlərdə bu çərçivədə unikal imkanlar ərsəyə gətirilib", – Göydəniz Qəhrəmanov deyib.

Deputatın sözlərinə əsasən, Prezident İlham Əliyevin tapşırığı üzrə Dövlət Turizm Agentliyi xarici ölkələrdə Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə mütəmadi layihələr həyata keçirir:

"Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizə bu sahə ilə əlaqədar üz tutan xarici turistlərin sayı kəskin artacaq".

AzVision.az


Teqlər: DTA  



Xəbər lenti