Husilər İsrail gəmisini vurublar

   Husilər İsrail gəmisini vurublar
  01 Sentyabr 2025    Oxunub:829
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması Qırmızı dənizdə İsrailə məxsus tankerə raket zərbəsi endirib.
"The Times of Israel" xəbər saytının yaydığı xəbərə əsasən, qruplaşma bu barədə bəyanat yayıb. Bildirilib ki, Liberiya bayrağı altında üzən "Scarlet Ray" adlı tanker hədəfə alınaraq vurulub. "Ambrey" dəniz təhlükəsizliyi şirkətinin məlumatına əsasən, gəmi İsrailə məxsusdur.

Britaniya Dəniz Ticarəti Əməliyyatları Təşkilatının (UKMTO) məlumatında isə raketin hədəfə çatmadığı bildirilib.

"Bütün ekipaj təhlükəsizdir. Gəmi öz yolundadır", – UKMTO vurğulayıb.
Yəmənin Baş naziri öldürülüb

Xatırladaq ki, avqustun 29-da İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin paytaxtı Səna şəhərinə aviazərbəsi nəticəsində ölkənin "Husi" qruplaşmasına mənsub de-fakto Baş naziri Əhməd Əl-Rəhəvi həyatını itirib. Eyni zamanda, qruplaşmanın bir sıra ali nümayəndəsinin Səna şəhərinin kənarında toplaşdığı nöqtə də bombalanıb. Bildirilib ki, həmin dəqiqələrdə qruplaşma lideri Əbdülməlik Əl-Husi de-fakto nazirlər qarşısında nitq söyləyirmiş.

Yəmənin de-fakto hakimi iranyönümlü "Husi" qruplaşması 2023-cü ilin oktyabr ayının 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri HƏMAS-a və ümumiyyətlə, Fələstinə "qahmar çıxıb", Qırmızı dənizdə və ətraf sularda İsraillə əlaqəli gəmiləri vurmağa başlayıb. Husilərin hücumları nəticəsində beynəlxalq iqtisadiyyat təhlükə ilə üzləşib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yəmən   husilər   İsrail   gəmi   hücum  



Xəbər lenti