Vens: “Trampla Zelenskinin mövqeyi üst-üstə düşür”

      Vens:    “Trampla Zelenskinin mövqeyi üst-üstə düşür”
  28 Avqust 2025    Oxunub:1313
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsində Ukrayna lideri Volodimir Zelenski ilə bir çox cəhətdən həmrəydir.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens belə bəyanatla çıxış edib.

“Bu məsələdə biz prezident Zelenski ilə böyük mənada həmrəyik. Bəzi fikir ayrılıqlarımız olsa da, biz, şübhəsiz ki, Ukraynanın ərazi bütövlüyünü qorumaq istəyirik. Biz Rusiyanın bütün ölkəni fəth etməsini istəmirik”, - siyasətçi deyib.

Onun sözlərinə görə, Ağ Ev administarsiyası münaqişənin “davam edən döyüşlərdə rusların elə də uğur qazanmadığı, ukraynalıların isə ümumiyyətlə heç nəyə nail olmadığı” mərhələyə keçdiyini düşünür.

- ABŞ də daxil olmaqla, hamı üçün yaxşı olardı ki, qətllər dayandırılsın və məsələ sülh yolu ilə həll edilsin. , - Vens vurğulayıb.

Cey Di Vens "NBC" telekanalına verdiyi son müsahibəsində bildirib ki, 15 avqustda Alyaskada keçirilən sammit zamanı Rusiya tərəfi üç il yarımlıq Ukrayna müharibəsi ərzində ilk dəfə olaraq “ciddi güzəştlərə” gedib və etiraf edib ki, “Ukraynanın müharibədən sonra öz ərazi bütövlüyünü qorumasını qəbul edəcək”. Vensin sözlərinə görə, hazırda ərazilər və təhlükəsizliyə zəmanət məsələləri gündəmdə qalır.

“Potensial sülh sazişi çərçivəsində Moskva Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərində Rusiya qoşunlarının nəzarətində olan ərazilərin bir hissəsini Kiyevə verməyə, həmçinin Zaporojye və Xerson istiqamətlərində cəbhə xətti boyunca hücumu dayandırmağa hazırdır. Bunun müqabilində Rusiya Ukrayna qüvvələrinin Donbassda nəzarətdə saxladıqları ərazilərdən çıxarılmasını gözləyir”, - öz növbəsində “Reuters” agentliyi yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Zelenski   həmrəylik  



Xəbər lenti