İsrail və Suriya sensasion saziş hazırlayırlar

   İsrail və Suriya sensasion saziş hazırlayırlar
  22 Avqust 2025    Oxunub:1180
İsrail və Suriya sentyabrda ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik barədə sazişi imzalaya bilərlər.
AzVision.az xəbər verir ki, ərəb KİV-lərinin məlumatına əsasən, Vaşinqton Suriya prezidenti Əhməd əl-Şaraa, İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında üçtərəfli görüşün təşkili yönündə fəal iş aparır.

“Bu istiqamətdə atılan addımlardan biri bu yaxınlarda Suriyanın BMT-də danışıqlar aparmaq üçün genişləndirilmiş səlahiyyətlərə malik yeni nümayəndəsinin təyin edilməsi olub”, - məlumatda deyilir.

Görüş sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tuta bilər. Tərəflər Suriya ilə İsrail arasında gərginliyin azaldılmasına yönəlmiş bir sıra sənədlər imzalamaq niyyətindədirlər, lakin hələlik tam sülh müqaviləsindən söhbət getmir.

Media həmçinin bu həftə Parisdə İsrailin Strateji məsələlər naziri Ron Dermer və Suriyanın Xarici İşlər naziri Əsəd əl-Şibani arasında baş tutan danışıqlarda irəliləyiş əldə etdiyini bildirib.
“Al Arabiya” nəşrinin məlumatına görə, tərəflər mübahisəli məsələlərin 80%-i üzrə razılığa gəliblər və məsləhətləşmələri Bakıda və Parisdə davam etdirməyə hazırdırlar.

Xatırladaq ki, iyul ayında prezident Əhməd əl-Şaraanın Bakıya səfəri zamanı artıq Suriya və İsrail nümayəndələrinin görüşü baş tutmuşdu. Suriya liderinin özü o zaman israillilərlə danışıqlarda iştirak etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Suriya   saziş  



Xəbər lenti