İsrailə 7 oktyabr hücumunun daha bir təşkilatçısı öldürülüb

   İsrailə 7 oktyabr hücumunun daha bir təşkilatçısı öldürülüb
  20 Avqust 2025    Oxunub:777
İsrail hərbçilərinin keçirdikləri əməliyyat nəticəsində iranyönümlü HƏMAS terror təşkilatının xüsusi "Nüxbə" qüvvələrinin ali hərbi komandiri Məhəmməd Naif Əbu Şəmalə zərərsizləşdirilib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Əbu Şəmalə sözügedən qüvvələrin bölük komandiri idi. O, 2023-cü ilin 7 oktyabrında İsrail ərazisinə qarşı HƏMAS-ın hücumuna qoşulub, bir qrup terrorçu ilə birlikdə sərhədyanı Kisufim kəndi yaxınlığında İsrail Silahlı Qüvvələrinə məxsus postu ələ keçirməyə çalışıb.

Sözügedən hücumla başlayan müharibə ərzində də Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı çoxsaylı hücumlar həyata keçirib.
HƏMAS-ın raket qurğuları sıradan çıxarılıb

Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Avqustun 15-də İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı Xan-Yunis şəhərinə aviazərbəsi nəticəsində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının aparıcı komandirlərindən biri həyatını itirib. Bildirilib ki, zərərsizləşdirilən terrorçu sözügedən təşkilatın Rəfəh briqadasında nəzarət departamentinin rəhbəri Nasir Musadır. O, briqadakı yaraqlıların hazırlığına və təlimlərinə cavabdeh idi. Eyni zamanda, kəşfiyyat və müşahidə qruplarında da fəaliyyət göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə  



Xəbər lenti