Azərbaycanla ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub

   Azərbaycanla ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub
  19 Avqust 2025    Oxunub:903
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü yerə çıxıb. 2024-cü ilin eyni dövründə Rusiya dördüncü yerdə idi.
AzVision.az Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı hesabata əsasən, 2025-ci ilin ilk yeddi ayı ərzində Rusiya ilə ticarət dövriyyəsi nominal olaraq 3,07 milyard ABŞ dolları (2024-cü ilin yanvar-iyul aylarında 2,57 milyard dollar) təşkil edib. Bu məbləğin 2 milyard 349 milyon dolları Rusiya mallarının idxalı (ötən ilin 7 ayı ərzində 1,917 milyard dollar), 0,72 milyard dolları isə Azərbaycan məhsullarının Rusiyaya ixracı (60 milyon dollar artım) olub. Azərbaycan Rusiyadan qara metallar, qiymətli daşlar və qızıl alır.

DGK Azərbaycanın Rusiyadan aldığı mallarla bağlı ayrıca məlumat verməsə də, hansı Azərbaycan məhsulları Rusiyaya tədarükdə lider olduğu barədə aydın təsəvvür var - bunlar qeyri-neft sektorunun malları, yəni meyvə-tərəvəz məhsullarıdır.

DGK-nin məlumatına görə, 7 ay ərzində Rusiyaya qeyri-neft məhsullarının ixracı 2024-cü ilin eyni dövründəki 641,09 milyon dollara qarşı Azərbaycana 716,63 milyon dollar (bu kateqoriyadan olan Azərbaycan məhsullarının ümumi ixracının 34,32 faizi) gətirib.

Hesabata əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan müxtəlif ölkələrə ümumilikdə 506,406 milyon ABŞ dolları dəyərində (ümumi qeyri-neft ixracının 24,25%-i) 490,61 min ton meyvə-tərəvəz ixrac edib, onlardan Rusiyanın ənənəvi olaraq aldığı pomidordan (143, 58 min ton) Azərbaycan 156,87 milyon dollar götürüb.

Ümumi ticarət dövriyyəsində Azərbaycan neftini və qazını alan İtaliya birinci yerdədir. Türkiyə ikinci yerdə qərarlaşıb: Ankara Azərbaycanın karbohidrogen ehtiyatlarını və gübrələrini də alır. Buna görə də xarici ticarət dövriyyəsinin balansında ikinci yeri tutur.

AZPROMO-nun (İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) məlumatına görə, 2025-ci ilin ilk 7 ayı ərzində qeyri-neft ixracı ümumilikdə Azərbaycana 2,088 milyard dollar gəlir gətirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% çoxdur.Eyni zamanda, iyulda gəlir təxminən 334 milyon dollar (artım 20%) təşkil edib.

Azərbaycanın ticarət tərəfdaşları siyahısında Rusiyanın bir pillə irəliləməsinə baxmayaraq, ilin əvvəlindən Azərbaycanın 2,45 milyard dollar dəyərində məhsul aldığı (Azərbaycanın ümumi idxalının təxminən 18%-i) “idxal” gömrük kateqoriyasında hələ də Çindən geri qalır. Türkiyə üçüncü yerdədir, çünki Azərbaycan oradan 1,375 milyard dollar dəyərində mal alıb (Azərbaycanın ümumi idxalının 10,10%-i).

Qeyd edək ki, bu həftənin sonunda Azərbaycan və Rusiya hökumətlərinin nümayəndə heyətlərinin görüşü gözlənilir və əsas müzakirə mövzularından biri siyasi ziddiyyətlər fonunda ticarət əlaqələrinin inkişafı məsələsi olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   ticarət  



Xəbər lenti