Pakistanla İran arasında sərhəd-keçid məntəqələri bağlanıb
Tədbirlər İran və İsrail arasında gərginliyin artması ilə əlaqədar ictimai təhlükəsizliyin təmin edilməsi və sərhəddə gözlənilməz insidentlərin qarşısının alınması məqsədilə həyata keçirilib. Pakistan rəsmiləri həmçinin vətəndaşları qonşu ölkəyə səfərdən çəkinməyə və ayıq-sayıq olmağa çağırıb.
“Express Tribune” qəzeti daha əvvəl yazıb ki, Pakistan hakimiyyəti Qvadar və Pəncqur rayonlarında İranla bütün sərhəd keçidlərini bağlamaq qərarına gəlib. Qəzetin yazdığına görə, həm piyada keçid , həm də müxtəlif növ avtomobillərin hərəkəti dayandırılıb.
Bəlucistan əyalət hökumətinin sözçüsü Şahid Rind Anadolu agentliyinə bildirib ki, sərhədləri öncə İran bağlayıb: “İki ölkə arasındakı bütün sərhəd keçid məntəqələri İranın təşəbbüsündən sonra ticarət və piyadaların hərəkəti üçün bağlanıb”. Bununla belə, o, əlavə edib ki, İranda qalan Pakistan vətəndaşlarının geri qayıtmasına icazə veriləcək. Belə ki, əsasən zəvvarlar və tələbələr olan pakistanlıların ilk qrupu bazar ertəsi Taftandan keçərək geri qayıtmalıdır.
Pakistanın mülki aviasiya idarəsinin verdiyi məlumata görə, regionda gərginliyin artması səbəbindən İranın bir sıra şəhərlərinə və İraqa planlı uçuşlar dayandırılıb.
Nəşr qeyd edib ki, mövcud vəziyyət Pakistanın İranla həmsərhəd ərazilərdə yaşayan insanların ərzaq və neft tədarükünə mənfi təsir edəcək. Lakin Bəlucistan əyalətinin rəsmiləri qüvvəyə minən qərarın sərhəd rayonlarında ərzaq və neft qıtlığına səbəb olmayacağını bildiriblər.
Qeyd edək ki, Pakistan İranla 900 kilometrdən çox sərhədə malikdir. İki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi təxminən 3 milyard dollar təşkil edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


