The Times: "Ötən il "rekord" sayda münaqişə baş verib"

      The Times:    "Ötən il "rekord" sayda münaqişə baş verib"
  12 İyun 2025    Oxunub:1323
"2024-cü il İkinci Dünya müharibəsi dövründən bəri ən çox silahlı münaqişələrin meydana gəldiyi il kimi tarixə düşüb".
Britaniyanın "The Times" qəzeti yazır ki, bu barədə İsveçin Uppsala Universitetində hazırlanan Münaqişə Məlumat Proqramında vurğulanır. Məlumata əsasən, 2024-cü il ərzində 61 silahlı münaqişə qeydə alınıb. Həmin münaqişələrdən 11-i genişmiqyaslı müharibə halına gəlib, hər birində itki sayı mini ötüb.

Həyatını itirən mülki şəxslərin sayı ötən illərlə müqayisədə 31% artaraq 13 min 900 nəfərə çatıb. Bütün dünya üzrə zorakılıq səviyyəsi 1994-cü ildə Ruandada baş vermiş soyqırımının ardınca dördüncü pilləyə yüksəlib.

Həmin soyqırımı təqribən 800 min adamın öldürülməsi nəticəsində İkinci Dünya müharibəsindən bəri ən ölümcül hadisə sayılırdı. Halbuki son illərdə meydana gəlmiş silahlı münaqişələr bu "rekord"u da üstələyib. Xüsusilə 2022-ci il XXI əsrdə "ən ölümcül il" kimi tarixə düşüb. Bu dövrdə təqribən 300 min insan müxtəlif münaqişələrdə həyatını itirib.

Hesabatda həmçinin diqqətə çatdırılır ki, dövlətlərarası münaqişələrlə yanaşı müəyyən ölkələrin öz ərazisindən kənardakı silahlı qruplaşmalara dəstək verməsi halları da 2024-cü ildə xüsusilə artıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: münaqişə   müharibə   hesabat  



Xəbər lenti