Navrotski Corceskunun taleyini təkrarlaya bilər

   Navrotski Corceskunun taleyini təkrarlaya bilər
  09 İyun 2025    Oxunub:1211
Polşanın Milli Seçki Komissiyası (MSK) prezident seçkilərində səsvermə zamanı səhv doldurulmuş protokolları yoxlayacaq.
AzVision.az bildirir ki, Polşa MSK-nın üzvü Rişard Kaliş belə açıqlama verib.

“Bəzi Dairə Seçki Komissiyalarının (DSK) protokollarındakı səslərin sayı ilə bağlı səhv məlumatlara baxılması üçün MSK iyunun 9-da saat 17:00-da iclas keçirəcək. Ali Məhkəmə MSK-nın təqdim etdiyi hesabat əsasında və şikayətlərə baxdıqdan sonra Polşa Respublikası Prezidentinin seçkilərinin etibarlılığına dair qərar verəcək”, - Rişard kaliş deyib.

Qeyd edək ki, iyunun 1-də Polşada keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar namizəd Karol Navrotski 50,89% səs toplayaraq qalib gəlib. Onun liberal rəqibi Rafal Tşaskovski isə 49,11% səs toplayıb.

Polşa seçkilərində Tramp amili - VİDEO
Ukraynaya dəstək hərbi-maliyyə dəstəyi və ticarət preferensiyalarının əleyhinə olan Karol Navrotskinin bəyanatları Kiyevin avropalı müttəfiqlərində ciddi narahatlıq doğurur. Bu baxımdan, Polşa MSK-nın seçkilərdə pozuntularla bağlı təftiş istəyini bir çox ekspertlər daha çox siyasi sifariş kimi qiymətləndirirlər. Ötən ilin noyabrında Rumıniyada keçirilmiş prezident seçkilərinin nəticələrinin ləğvi barədə həmin ölkənin Konstitusiya Məhkəməsinin çıxardığı qərar fonunda bu şübhələr daha da əsaslı görünür.

Xatırladaq ki, 2024-cü il noyabrın 24-də Rumıniyada baş tutan prezident seçkilərinin birinci turunda millətçi qüvvələrin namizədi olan Kelin Corcesku hamıdan çox səs toplamışdı. Lakin “Rusiyanın müdaxiləsi” ittihamı da daxil olmaqla bir sıra məqamları əsas gətirən Rumıniyanın Konstitusiya Məhkəməsi onun qələbəsini ləğv etməklə yanaşı, Corceskunun sonrakı seçki kampaniyasında iştirakına qadağa qoydu.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Polşa   MSK  



Xəbər lenti