Sahibkarların kredit faizlərinin yarısını dövlət ödəyəcək │ ŞƏRH

   Sahibkarların kredit faizlərinin yarısını dövlət ödəyəcək    │ ŞƏRH
  17 İyun 2026    Oxunub:165
Prezident İlham Əliyevin Fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.
İqtsadç-ekspert Eldəniz Əmirov həmin səlahiyyətlərin bir qurumdan digərinə ötürülməsini düzgün addım hesab edir. Onun sözlərinə görə, kredit zəmanəti və faiz subsidiyası mexanizmləri birbaşa sahibkarlığın inkişafına xidmət edən alətlərdir və onların bu sahə üzrə ixtisaslaşmış qurum tərəfindən idarə olunması çevik qərarların qəbuluna, resursların səmərəli yönləndirilməsinə və sahibkarların ehtiyaclarına operativ cavab verilməsinə imkan yarada bilər.

Ən vacib məqam bu mexanizmin təkcə Bakı və Abşeronda deyil, digər rayon və şəhərlərdə də tətbiq edilməsidir.

Şərtlərə gəlincə, əgər sahibkar kredit götürürsə və faiz dərəcəsi maksimum 13%-dirsə, onda kredit faizinin yarısını dövlət ödəyəcək. Məsələn, kredit faizi 12%-dirsə, onda dövllət bunun 6%-ni ödəyir. Yəni faiz yükü iki dəfə azalır.

Digər önəmli məsələ odur ki əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək. İşğaldan azad olunmuş ərazilərdə kreditin 90%-dək hissəsinə zəmanət verilə bilər. Bu da bankların kredit verməsini asanlaşdırır. Amma dövlət zəmanəti verilən kreditlərin ümumi məbləği 5 milyon manatı keçməməlidir. Əlaqəli şirkətlər qrupu üzrə isə maksimum 10 milyon manatdır.

“Bu fərmanla dövlət istəyir ki, regionlarda biznes qurmaq asanlaşsın, sahibkarlar daha ucuz kredit ala bilsin, girov problemi olan sahibkarlar maliyyəyə çıxış əldə etsin, Bakıdan kənarda investisiyalar artsın. Hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzu olunan səviyyədən aşağıdır. İqtisadi fəallığın və maliyyə resurslarının əhəmiyyətli hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Bu baxımdan regionlarda sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirən, investisiya qoyuluşlarını təşviq edən və biznes aktivliyini artıran hər bir qərar xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu fərman da məhz regionların iqtisadi potensialının daha dolğun reallaşdırılmasına xidmət edən mühüm addımlardan biridir”,- ekspert bilidirib.


Teqlər:



Xəbər lenti