İlham Əliyev konqresmenlə görüşüb

   İlham Əliyev konqresmenlə görüşüb
  17 İyun 2026    Oxunub:201
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.
Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfərini məmnunluqla xatırladıb, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.


Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini deyib. O, həmçinin Azərbaycanda UFC və Formula 1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğulayıb.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq, hər iki liderin dövlətlərarası münasibətlərimizin inkişafına böyük önəm verdikləri qeyd olunub. Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulandı, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunulub.

Görüşdə ölkəmizlə ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olunub.


Teqlər: Prezident   Rəsmi   ABŞ  



Xəbər lenti