Vitkof Ermənistan səfiri ilə görüşüb

   Vitkof Ermənistan səfiri ilə görüşüb
  17 Oktyabr 2025    Oxunub:1086
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ilə Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan arasında görüş baş tutub.
Bu barədə Ermənistanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli sənədlər ətrafında müzakirələr aparıblar. Stiv Vitkof öz ölkəsinin sülhə mütəmadi dəstəyini bir daha təsdiqləyib. Səfir isə, öz növbəsində, regionda sülh və sabitliyin qurulması istiqamətində göstərdiyi səylərə görə xüsusi nümayəndəyə öz minnətdarlığını bildirib.
Vaşinqton: "Yeni ticarət yolları Cənubi Qafqazı canlandıracaq"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.

Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.

Firudin Həmidli

AzVision.az


Teqlər:   Ermənistan   səfir   ABŞ   nümayəndə   görüş   Tramp-yolu  



Xəbər lenti