İranda 3 milyondan çox insan məcburi köçkün düşüb - BMT

İranda 3 milyondan çox insan məcburi köçkün düşüb - BMT
  12 Mart 2026    Oxunub:2321
Yaxın Şərqdə müharibənin başlanmasından təxminən iki həftə keçdiyi bir vaxtda İranda 3,2 milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

“İlkin qiymətləndirmələrə əsasən, davam edən münaqişə nəticəsində İranda 600 min – 1 milyon arası ailə müvəqqəti olaraq ölkə daxilində köçkün vəziyyətinə düşüb. Bu isə ümumilikdə təxminən 3,2 milyon nəfər deməkdir”, – deyə qurumun fövqəladə dəstək qrupunun rəhbəri və Yaxın Şərq üzrə fövqəladə vəziyyətə cavab tədbirlərinin əlaqələndiricisi Ayaki İto bildirib.

Onun sözlərinə görə, döyüş əməliyyatları davam etdikcə bu rəqəmin artacağı ehtimal olunur və bu, regionda humanitar ehtiyacların sürətlə genişləndiyini göstərir.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İranın nüvə proqramı ilə bağlı danışıqlarda konkret nəticə əldə olunmaması fonunda ölkə ərazisinə hərbi hava zərbələri endirməyə başlayıb. Buna cavab olaraq İran həmin gündən etibarən İsrailə və ABŞ-ın region ölkələrindəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Hərbi əməliyyatların ilk günündə İranın ali lideri Ayətullah Seyid Əli Xamenei və bir sıra yüksək rütbəli hərbçilərin həlak olduğu bildirilib. Martın 8-də isə İranın Ekspertlər Məclisi səs çoxluğu ilə onun oğlu Seyid Müctəba Xameneini İranın üçüncü ali lideri seçib.

Martın 1–5-i tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib. ABŞ tərəfinin itkilərinin 8 nəfər ölü və 140-dan çox yaralı olduğu bildirilir.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb, bir sıra ölkələr isə vətəndaşlarını regionu tərk etməyə çağırıb.




Teqlər:



Xəbər lenti