Deputat: “Azərbaycana başqlarının əlində alət olmayan qonşular lazımdır”
Burada onu vurğulamaq istərdim ki, ikinci Qarabağ savaşının gedişində olduğu kimi indi də Minsk qrupu həmsədrləri arasında fikir ayrılığı yaratmağı bacarmasaydıq, Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurmasaydıq, nə 8 avqust Vaşinqton anlaşması mümkün idi, nə də mənfur Minsk qrupunun buraxılması. Azərbaycan yaratdığı bu diplomatik presedentlə də göstərdi ki, indiyədək “parçala və höküm sür” siyasəti yeridənlərin özlərini də parçalamaq mümkündür. Təbii ki, bunun üçün fövqaladə diplomatik bacarıq tələb olunur və bizim liderimizin atdığı addımlarda artıq bir neçə dəfə biz bunu görmüşük.
Həm savaşı, həm də sülhü udması Azərbaycana böyük strateji üstünlük versə də, post-münaqişə dönəmində köçkünlərin tam və davamlı reinteqrasiyası onların işlə və təhlükəsizliklərinin təminatı heç də göründüyü qədər asan məsələ deyil və şükürlər olsun ki, 2025-ci ildə görülən tədbirlər dövlətimizin bunun da öhdəsindən uğurla gələcəyini göstərir.
2025-ci ildə Xankəndi və Laçının da Şuşa kimi beynəlxalq tədbirlərin, hətta zirvə görüşlərinin keçirildiyi şəhərlərimizin sırasında yer almaları, Ağdamdakı sənaye parkında 945 milyon manatlıq məhsul istehsalı qürurverici faktlardır. Laçından söz düşmüşkən, bu il orada Beynəlxalq Hava Limanının istifadəyə verilməsi təcrübəsindən də görürük ki, işğaldan azad olunmuş torpaqlarda təkcə məskunlaşma və infrastruktur quruculuğu getmir, həm də müdafiə potensialı gücləndirilir, revanşizm üçün zəif nöqtələr buraxılmır.
Yeri gəlmişkən, Azərbaycanla Türkiyə arasında bu il imzalanan Müdafiə Memorandumu da regional və qlobal risklərin vaxtında qiymətləndirilməsi, birgə təmini baxımından mühüm sənəddir. Hansı dövrdə yaşadığımızı xatırlatsaq, elə hərbi üstünlüyün qorunub saxlanması baxımından da düzgün innovasiya və rəqəmsal inkişaf strategiyasının necə böyük önəm daşıdığını görməmək mümkün deyil.
Mərkəzi Avrasiya və MENA regionları üçün əsas innovasiya platforması sayılan sammitin bu il Bakıda keçirilməsi, ölkəmizin startap ekosistemi reytinqdə regionda ən yüksək nəticə göstərməsi fikrimcə, bu ilin təsirini gələcəkdə daha çox hiss edəcəyimiz uğurlarındadır. Eyni zamanda, hazırda dövlətimizin qarşısında milli uğurun sosial dividentə çevrilməsi vəzifəsi durur və mən ümid edirəm biz burada da uğur qazanacağıq.
Sahib Alıyev, Milli Məclisin üzvü
AzVision.az
Teqlər: Azərbaycan qonşular maraqlar







Vaxtında, Aydın, Lazımlı!


