Fransa-Əlcəzair münasibətləri yenidən gərginləşib

Fransa-Əlcəzair münasibətləri yenidən gərginləşib
  14 May 2025    Oxunub:380
Fransa və Əlcəzair arasında gərginlik səngimir. Fransa rəsmilərinin Əlcəzairdən qovulmasına cavab olaraq, Paris də əlcəzairli diplomatları geri göndərəcək.
AzVision.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlamasında ölkəsinin bu addımı atacağını bəyan edib.

Nazir bildirib ki, Fransa Əlcəzairin bu əsassız və qəbuledilməz qərarını qətiyyətlə pisləyir və bununla bağlı Əlcəzairin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı ona Parisin əlcəzairli diplomatları ölkədən çıxarmaq qərarı barədə məlumat verilib.

“Bizim cavabımız dərhal, qəti və bu mərhələdə eyni tələblə - hazırda vizası olmayan diplomatik pasport sahiblərinin Əlcəzairə geri göndərilməsi ilə tam mütənasibdir", - deyə Fransanın xarici işlər naziri Jan-Noel Barro televiziyaya müsahibəsində vurğulayıb. O əlavə edib ki, Əlcəzairin müvəqqəti işlər vəkilinə vəziyyətin gedişindən asılı olaraq əlavə tədbirlər görmək hüquqları barədə də məlumat verilib.

Fransa xarici işlər naziri ilk reaksiyasında Əlcəzairin qərarını anlaşılmaz və qəddar adlandırmışdı.

Xatırladaq ki, mayın 11-də Əlcəzair hökuməti Xarici İşlər Nazirliyində keçirilən görüşdə Fransanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilindən səfirliyin qanunsuz sayılan on beş əməkdaşının dərhal ölkədən çıxarılmasını tələb etmişdi.

Əlcəzair mediasının rəsmi mənbələrə istinadla yaydığı məlumata görə, bu qərar Fransa tərəfinin Əlcəzairdəki diplomatik və konsulluq nümayəndəliklərinə təyinat zamanı beynəlxalq konvensiyalarla müəyyən olunmuş prosedurlara açıq-aşkar və təkrarən əməl etməməsi səbəbilə verilib.

Qeyd edək ki, Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında Parisin Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıması fonunda pisləşdi. Buna cavab olaraq Əlcəzair Parisdəki səfirini geri çağırdı və Prezident Tebbun ilkin olaraq 2024-cü ilin sentyabrına planlaşdırılan Fransaya səfərini ləğv etdi. Həmin ilin noyabrında Əlcəzair-Fransız yazıçısı Boualem Sansalın həbsi vəziyyəti daha da çətinləşdirdi.

2025-ci ilin mart ayının sonunda Qurban bayramı münasibətilə Makron və Tebbun arasında telefon danışığı, ardınca Fransanın Avropa və xarici işlər nazirinin aprelin 6-da Əlcəzairə səfəri ilə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanmasına ümid yaransa da, aprelin əvvəlində Parisdəki konsulluq məmurunun həbsi Əlcəzairdə qəzəb doğurub və bu, münasibətləri yenidən gərginləşdirib.

AzVision.az




Teqlər:





Xəbər lenti