Vaşinqton Moskvanı sərt tənqid edib

   Vaşinqton Moskvanı sərt tənqid edib
  08 May 2025    Oxunub:387
ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Rusiyanı Şimali Koreyanın beynəlxalq sanksiyalardan yayınmasının monitorinqinə mane olduğuna görə qınayıb.
AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı iclas TŞ-nin bir neçə üzvünün, o cümlədən ABŞ və Cənubi Koreyanın təşəbbüsü ilə çağırılıb.

Xanım Şi bildirib ki, Şimali Koreya özünün “qeyri-qanuni kütləvi qırğın silahları və ballistik raket proqramlarını” birbaşa maliyyələşdirən Çinə kömür və dəmir filizi satmaqla TŞ-nin qətnamələrini kobud şəkildə pozmağa davam edir.

Amerikalı diplomat, eyni zamanda, 2023-cü ilin sentyabrından Ukraynaya qarşı istifadə üçün Şimali Koreyanın Rusiyaya 24 min konteynerdən çox sursat və hərbi material, həmçinin 100-dən çox ballistik raket ötürdüyünü bildirib.

“Bu gün (7 may – red.) təqdim edilən sübutlardan aydın olur ki, Rusiya öz pozuntularına görə tənqiddən yayınmağa çalışmaq üçün TŞ-yə Şimali Koreyaya qarşı sanksiyaların tətbiqində həyasızcasına əngəl törədir”, - Doroti Şi Moskvanı qərəzli mövqe sərgiləməkdə ittiham edib.

Onun sözlərinə görə, lakin “Rusiyanın vetosuna baxmayaraq”, BMT-nin Təhlükəsizlik Şurası bu cür fəaliyyətlər barədə öz üzv dövlətlərini məlumatlandırmaqda davam edəcək.

Cənubi Koreyanın və Qərbin kəşfiyyat orqanlarının məlumatına görə, Ukrayna ilə müharibədə iştirak etmək üçün Pxenyan ötən il Rusiyaya 10 mindən çox, 2025-ci ilin martında isə əlavə olaraq 3 minə yaxın hərbi qulluqçu göndərib. Aprelin sonunda Cənubi Koreyanın Baş Qərargahı Şimali Koreya əsgərlərinin itkisini təxminən 4700, o cümlədən 600-ə yaxınının öldüyünü təxmin edib.

Aprelin 28-də Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq Rusiyaya qoşun yeritdiyini etiraf edib. Pxenyan bildirib ki, bu qərar Şimlai Koreya ilə Rusiya arasında 2024-cü ilin iyununda imzalanmış tərəfdaşlıq sazişinə uyğun olaraq qəbul edilib.

“Reuters” agentliyinin və Böyük Britaniyanın “Open Source Centre (Açıq Mənbə Mərkəzi)”nin aprel ayında dərc etdiyi birgə araşdırmada, Şimali Koreyanın 2023-cü ilin sentyabrından 2025-ci ilin martına qədər Rusiyaya 4-6 milyon artilleriya mərmisi verdiyi də göstərilir. Bundan əlavə, Cənubi Koreya kəşfiyyatına istinad edən “The Wall Street Journal” qəzetinin iddiasına görə, Pxenyan Rusiyaya 15 min əmək miqrantı göndərib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   tənqid  





Xəbər lenti