Argentina nasistlərlə bağlı sənədlər açıqlayıb

   Argentina nasistlərlə bağlı sənədlər açıqlayıb
  08 May 2025    Oxunub:517
Argentinanın Milli Arxivi İkinci Dünya müharibəsindən sonra bu ölkəyə qaçmış nasist cinayətkarları haqqında 1850 sənədi açıqlayıb. Materialların ictimaiyyətə açıqlanması barədə əmri 2025-ci ilin fevralında Simon Vizenthal Mərkəzi ilə görüşdən sonra prezident Xavyer Miley verib.
AzVision.az xəbər verir ki, 1992-ci ildə məxfiliyi ləğv edilən sənədlər əvvəllər yalnız Buenos-Ayresdəki arxiv binasında olan tədqiqatçılar üçün mövcud idi. Onlar sensasiyaları ehtiva etmir, lakin məxfi hesabatlardan tutmuş qəzet parçalarına qədər sənədlərin kontekstini öyrənməyə imkan verir.

Sənədlərdə əsas diqqət bir neçə şəxsə yönəlib:

1.Adolf Eyhmann, “Holokostun memarı”. 1950-ci ildə saxta sənədlərlə İtaliyadan keçən “siçovul cığırı” ilə Argentinaya qaçıb. 1960-cı ildə “Mossad” yəhudi kəşfiyyatı tərəfindən izlənilərək oğurlanıb və 1962-ci ildə İsraildə edam olunub.

2.Ausvits (Osventsim) əsir düşərgəsində təcrübələr aparan SS həkimi Yosef Mengele. 1949-cu ildən Argentinada saxta adlar altında yaşayıb. 1959-cu ildə Braziliyada gizlənib və 1979-cu ildə orada ölüb.

3. Valter Kuçmann, kütləvi qətllərə görə məsuliyyət daşıyan SS zabiti. 1948-ci ildə Argentinaya qaçıb. 1985-ci ildə həbs olunub, lakin ekstradisiyadan əvvəl ölüb.

4.Klaus Barbi, “ Lion qəssabı”. Amerika kəşfiyyatının köməyi ilə Boliviyada gizlənib. 1983-cü ildə Fransaya ekstradisiya edilib və 1991-ci ildə həbsxanada dünyasını dəyişib.

5.Eduard Roşman, Riqa gettosunun komendantı. 1948-ci ildən Argentinada yaşayıb, 1970-ci illərdə Paraqvaya qaçıb və 1977-ci ildə ölüb.

6.Yozef Şvammberqer, konsentrasiya düşərgələrinin komendantı. 1990-cı ildə Almaniyaya ekstradisiya olunub və 2004-cü ildə həbsxanada ölüb.

7.Ante Paveliç, Xorvatiyanın nasistyönlü rejiminin başçısı. 1948-ci ildən Argentinada gizlənib, daha sonra İspaniyaya qaçıb və 1959-cu ildə burada dünyasını dəyişib.

Arxiv sənədlərinin əhəmiyyətli bir hissəsi Hitlerin şəxsi katibi Martin Bormana həsr olunub. Onun 1945-ci ildə Berlində ölümünün təsdiqlənməsinə baxmayaraq, Bormanın Cənubi Amerikaya qaçması ilə bağlı şayiələr 1970-ci illərə qədər dolaşırdı. Argentina kəşfiyyat xidmətləri bu şayiələri fəal şəkildə araşdıraraq mətbuat məlumatlarını və donosları toplayırdı.

Vaşinqton İsveçrə bankını cəzalandırır
Vizenthal Mərkəzi, nasistlərin talan etdikləri sərvətləri gizlətdiyi İsveçrənin “Credit Suisse” bankının rolu ilə maraqlanır. Bu bankın bəzi nasistlərin Cənubi Amerikaya qaçmasını maliyyələşdirdiyi ehtimal olunur.

Yeri gəlmişkən, bir neçə gün əvvəl ABŞ-nin Ədliyyə nazirliyi “Credit Suisse” bankının törəmə şirkətinin Amerikanın vergi idarəsindən 4 milyard dollardan çox pul gizlətmək məqsədi ilə sui-qəsddə iştirak etməkdə günahlandırıb. İstintaqın məlumatına görə, bu məqsədlər üçün azı 475 ofşor hesabdan istifadə olunub.

Bununla belə, arxivlər Argentina hakimiyyətinin xaotik işini əks etdirir: məxfi hesabatların və qəzet parçalarının qarışığı məlumat çatışmazlığından və ya gizli xidmət orqanlarının ictimai sahəyə nəzarət etmək cəhdlərindən xəbər verir.

Xatırladaq ki, nasistlər üçün “siçovul cığırları”nı silahların istehsalında və rejimin möhkəmləndirilməsində onların köməyinə ümid bəsləyən Argentina prezidenti Xuan Peron təşkil edirdi. 1955-ci ildə onun devrilməsindən sonra ölkə qeyri-sabitliyə qərq oldu və nasistlərlə sistemli şəkildə mübarizə aparmaq çətinləşdi. Yalnız 1983-cü ildə demokratiyanın bərqərar olması ilə Argentina ekstradisiya ilə bağlı fəal əməkdaşlığa başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Argentina   nasistlər  





Xəbər lenti