Kanada ən böyük əyalətlərindən birini itirə bilər

   Kanada ən böyük əyalətlərindən birini itirə bilər
  06 May 2025    Oxunub:406
Kanadanın Alberta əyalətinin sakinləri ölkənin tərkibindən çıxmaq üçün petisiya təşəbbüsü irəli sürüblər. Təşəbbüs zəruri olan sayda imza toplayacağı halda, yekun qərar 2026-cı ildə baş tuta biləcək referendumda veriləcək.
AzVision.az “Associated Press Agentliyinə (APA)” istinadən xəbər verir ki, vahid Kanada daxilində güclü və muxtar Albertanın qalmasını müdafiə edən əyalətin rəhbəri xanım Daniel Smit, şəxsən ayrılma ideyasını dəstəkləmədiyini bildirib. Lakin o, Ottavadakı federal hökumətin bölgəyə ziyan vuran siyasəti davam etdirəcəyi təqdirdə əyalət sakinlərinin seçiminə hörmətlə yanaşmağa hazır olduğunu vurğulayıb.

“Əgər Ottava son illərdəki kimi əyalətimizin maraqlarına məhəl qoymamağa davam edərsə, son söz Alberta əhalisinin olacaq. Mən onların qərarını qəbul edəcəyəm”, - xanım Smit deyib.

Tramp: “Mən zarafat etmirəm”
Əyalət liderinin bəyanatı Kanadanın baş naziri Mark Karninin “Liberal” partiyasının federal seçkilərdə qələbəsi nəticəsində liberalların dördüncü dəfə hakimiyyətə gəlməsindən az sonra verilib. Eyni zamanda Kanada xarici təzyiqlə üzləşir: ABŞ prezidenti Donald Tramp Kanada mallarına yüksək tariflər tətbiq etməklə hədələməklə yanaşı, hətta Kanadanın 51-ci ştat kimi ABŞ-yə birləşməsi ehtimalını gündəmə gətirib.

Yeri gəlmişkən, Donald Trampın "fərsiz" adlandırdığı Kanadanın keçmiş baş naziri Castin Trüdonun Ermənistanın təcavüzkar və destruktiv siyasətini, habelə illərlə Azərbaycanda erməni separatçılarını dəstəkləməsinin məntiqi nəticəsi kimi Ottavanın özünün indi əyalət separatizmi təhlükəsi ilə üzləşməsi heç də təəccüb doğurmur. Atalar demişkən: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Qeyd edək ki, əhalisi təxminən 4 milyon nəfər olan Alberta Kanadanın ən böyük əyalətlərindən biridir. Onun ərazisində neft-qaz yataqları, habelə əhəmiyyətli kömür ehtiyatları var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kanata   Alberta  





Xəbər lenti