İlham Əliyev Belarusun Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Aleksandr Turçin, ilk növbədə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.
İlk dəfə Bakıya səfər etdiyini deyən Belarusun Baş naziri paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
Görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Bu xüsusda, Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulandı. Azərbaycanda lift, məişət texnikası, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, südçülük, ətçilik və quşçuluq üzrə birgə istehsal sahələrinin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparıldı. Hökumətlərarası komissiyaya qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verildi.
Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirakı məmnunluqla qeyd edildi. Belarusun Baş naziri ölkəmizə səfəri çərçivəsində azad edilmiş ərazilərə gedəcəyini və vəziyyətlə yerində tanış olacağını bildirdi.
Görüşdə ölkələrimiz arasında şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunuldu.
Dövlətimizin başçısı 2026-cı ildə Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, Belarusu da bu tədbirdə yaxından iştiraka dəvət etdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: