Səfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstəsinin qoyulması ilə başlayıb.

Sonra onlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahi şəxsiyyətin həyat yolunu, siyasi irsini və dövlətçilik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.

Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun türbəsi və Naxçıvan Xan Sarayı ziyarət edilib, “Əcəmi” seyrəngahında yerləşən açıq səma altındakı muzeyin eksponatlarına baxış keçirilib, xanlıqlar dövrünə aid zəngin maddi-mədəni irs nümunələri ilə tanışlıq olub.

Proqram çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə baş çəkiblər. Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbi reabilitasiya və uşaqlara göstərilən xidmətlərlə yerində maraqlanıblar.

Leyla Əliyeva tərəfindən Uşaq Bərpa Mərkəzinə ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən “Robotic” reabilitasiya əlcəkləri, həmçinin miostimulyasiya və infraqırmızı terapiya cihazları hədiyyə olunub.
Günün sonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Tağıyev:Neft” bədii filminin təqdimat mərasimi olub.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” filmi dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin birinci hissəsidir.
AzVision.az