Livan HƏMAS-a xəbərdarlıq ünvanlayıb

   Livan HƏMAS-a xəbərdarlıq ünvanlayıb
  02 May 2025    Oxunub:514
Rəsmi Beyrut Fələstinin iranyönümlü HƏMAS terror təşkilatına Livanın suverenliyinə xələl gətirə biləcək addımlardan qaçınmaqla bağlı xəbərdarlıq göndərib.
Bu barədə Livanın Ali Müdafiə Şurası bəyanat yayıb. Bildirilir ki, HƏMAS-ın Livan ərazisində hər hansı əməliyyat aparması yolverilməzdir.

Məlumat üçün diqqətə çatdıraq ki, Fələstinin HƏMAS qruplaşmasının Livanda siyasi və hərbi nüfuzu var. Qruplaşma bu ölkənin ərazisindən İsrailə qarşı raket hücumları həyata keçirir. Eyni zamanda, 2024-cü ildə rəsmi Beyrutun hesablamalarına görə, təqribən 200 min fələstinli Qəzza zolağındakı müharibədən qaçaraq Livanın müxtəlif şəhərlərinə sığınıb.
Livan Ordusu terror bazalarına basqın edib

Xatırladaq ki, bu gün həmçinin Livan Ordusu ölkənin şimalındakı "Əl-Bəddavi" qaçqın düşərgəsində reyd keçirərkən orada Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinə məxsus 800 raketi aşkarlayaraq götürüb. Eyni zamanda, iranyönümlü "Hizbullah" terror təşkilatının həmin ərazidəki bazalarına basqın həyata keçirilib. Aprelin 16-da isə Livan Silahlı Qüvvələri bu ölkədə fələstinli qaçqınların məskunlaşdıqları düşərgələrdə (Eyn-əl-hilvə və Nəhr-əl-bərid) HƏMAS qruplaşmasına məxsus bir sıra yaraqlını ələ keçirmişdi. "Al-Hadath" həmin vaxt bildirmişdi ki, hadisə İordaniya Kralı II Abdullahın Livan Prezidenti Cozef Aun ilə telefon danışığında "İordaniyada HƏMAS-la əlaqəli raket istehsalı mərkəzini ifşası" fonunda baş verə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   HƏMAS   xəbərdarlıq  





Xəbər lenti