BMT İsraili ittiham edib

“İsrail BMT əməkdaşlarına viza məhdudiyyətlərini sərtləşdirir və UNRWA əməkdaşları öz vəzifələrinin icrası ilə bağlı tədbirlərlə üzləşirlər. Həmçinin, Fələstinli uşaqlar üçün UNRWA məktəblərinə “icazəsiz giriş” cəhdləri və onları bağlamaq qərarları olub”, - BMT rəsmisi Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal olunmuş Fələstin ərazilərindəki öhdəlikləri ilə bağlı keçirilən dinləmədə bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 19-da BMT Baş Assambleyasında İsrailin Fələstin ərazilərindəki öhdəlikləri ilə bağlı Məhkəmədən məsləhət rəyi tələb edən qətnamə qəbul olunub. Sənəd, xüsusilə, həyati əhəmiyyətli malların tədarükü, humanitar yardım, əsas xidmətlərin göstərilməsi və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun dəstəklənməsinə aiddir.
Qətnaməni 137 ölkə, o cümlədən Çin, Fransa və Böyük Britaniya dəstəkləyib. İsrail, ABŞ və Kanada da daxil olmaqla 12 ölkə onun əleyhinə səs verib, 22 ölkə isə bitərəf qalıb.
Sahil İsgəndərov
AzVision.az