Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri bəlli olub

   Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri bəlli olub
  24 Aprel 2025    Oxunub:633
Hər il martın 20-də Beynəlxalq Xoşbəxtlik Günündə “Dünya Xoşbəxtlik Hesabatı (World Happiness Report)” dərc olunur. Tədqiqat BMT-nin “Gallup” İnstitutu və “Oksford Rifahın Öyrənilməsi Mərkəzi”nin birgə sifarişi ilə həyata keçirilir. Hesabatın başlıca qayəsi sakinlərin özlərinin qiymətləndirmələri əsasında ölkələrin xoşbəxtlik səviyyəsinə görə sıralanmasıdır.
AzVision.az hesabata istinadən xəbər verir ki, 2025-ci ildə 7,736 bal toplayan Finlandiya yenidən reytinqin qalibi olub. Bu ölkə 2017-ci ildən bəri ardıcıl səkkizinci ildir ki, liderliyi qoruyub saxlayır. İlk beşliyə həmçinin Danimarka, İslandiya, İsveç və Hollandiya daxildir. İlk onluqda isə Kosta-Rika (6-cı yer), İsrail (8-ci) və Meksika (10-cu yer) də təmsil olunurlar.

ABŞ bir pillə geriləyərək 24-cü yerdə qərarlaşıb ki, bu da ölkənin tarix ərzində reytinqdəki ən pis göstəricidir. Rusiya 72-ci yerdən 66-cı yerə yüksəlib. Əfqanıstan yenə də siyahıda ən sonuncu, 1,364 balla rekord aşağı göstərici ilə 147-ci yeri tutub.

Hesabata görə, son 20 ildə ölkələr arasında xoşbəxtlik səviyyələrində qeyri-bərabərlik təxminən 25% artıb, eyni zamanda ölkələr arasında uçurum təxminən sabit qalıb.
Finlandiya reytinqə başçılıq etsə də, əlavə parametrlərin heç birində mütləq çempion deyil. Məsələn: Sosial dəstək səviyyəsinə görə 2-ci yer; korrupsiyanın qavranılması üzrə 2-ci yer; Səxavətdə 56-cı yer.

Bununla belə, əlçatan tibb, təhsil və sosial sistem sayəsində davamlı olaraq yüksək həyat keyfiyyətini nümayiş etdirir. Finlandiyada son 30 ildə intiharların sayı iki dəfə azalıb. Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci il üçün məlumatına görə, bu rəqəm hər 100 000 nəfərə 14,6 hadisə təşkil edir ki, bu da Latviya, Serbiya və ya Fransa ilə müqayisədə aşağıdır.

Xoşbəxtlik səviyyəsinə görə 138-ci yeri tutan Lesotoda isə intihar nisbəti iki dəfə yüksəkdir və hər 100 000 nəfərə 28,7 təşkil edir.

Qeyd edək ki, reytinq metodologiyası 140 ölkədə 100 000-dən çox insanı əhatə edən “Gallup World Poll” sorğularına əsaslanır. Respondentlər həyatlarını 0-dan 10-a qədər diapazonda qiymətləndirirlər. Bu zaman 10 ball “ideal həyat” deməkdir.

Əlavə parametrlər: adambaşına düşən ÜDM; sosial dəstək; ömrün uzunluğu; həyati vacib qərarlar vermək azadlığı; korrupsiya haqqında təsəvvürlər; alicənablıq.

Maraqlıdır ki, parametrlər həmişə ölkənin reytinqdəki yeri ilə uzlaşmır. Müsbət emosiyaların səviyyəsinə görə isə, iqtisadi çətinliklərə baxmayaraq, ilk onluqda yüksək emosional reaksiyanın qeydə alındığı Latın Amerikası regionunun ölkələri üstünlük təşkil edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: xoşbəxtlik   bədbəxtlik   reytinq  





Xəbər lenti