Bu əməkdaşlıq yerli müəssisələrə daxili prosesləri sadələşdirməyi, əməliyyatların səmərəliliyini artırmağı və ağıllı avtomatlaşdırma texnologiyaları vasitəsilə resurslardan daha effektiv istifadəni mümkün edir.

Tərəflər arasında əməkdaşlığın yeni perspektivləri və Azercell-in RPA sahəsindəki bir illik təcrübəsi “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova və UiPath şirkətinin Türkiyə və Şərqi Avropa üzrə vitse-prezidenti cənab Tuğrul Cora arasında keçirilən görüşdə müzakirə olunub.
“Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq Azercell biznes tərəfdaşlarının avtomatlaşdırma texnologiyalarından faydalanmasına dəstək verməyə hazırdır,” – deyə Zərinə Zeynalova bildirib. “Artıq şirkət daxilində bir neçə istiqamətdə RPA həllərini tətbiq etmişik və bu texnologiyanın məhsuldarlıq, dəqiqlik və ümumi əməliyyat səmərəliliyinə əhəmiyyətli töhfələr verdiyini aydın şəkildə müşahidə edirik. Süni intellekt əsaslı innovativ platformamız korporativ müştərilərimizin gündəlik əməliyyatlarını sadələşdirməyə xidmət edir. Əsas məqsədimiz transformasiya dövründə müştərilərimiz üçün etibarlı biznes tərəfdaşı olmaqdır.”

Cənab Tuğrul Cora isə əməkdaşlıqla bağlı fikirlərini belə ifadə edib: “Azercell ilə əməkdaşlığımız şirkətin daxili proseslərinin rəqəmsal transformasiyasına mühüm töhfə verib. Əldə olunan nəticələr məhsuldarlığın və əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir. İnanırıq ki, süni intellekt və avtomatlaşdırma texnologiyalarının Azərbaycanda sürətli tətbiqi bizneslərin rəqabət qabiliyyətinin və ümumi məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərəcək. Azercell ilə tərəfdaşlıq çərçivəsində yerli müəssisələrin rəqəmsal transformasiya yolunda uğur qazanmalarına dəstək verməyi hədəfləyirik.”
Görüş çərçivəsində tərəflər Azərbaycanda rəqəmsal innovasiyaların inkişafı istiqamətində gələcək strateji təşəbbüsləri də müzakirə ediblər.