Tokio Moskvaya protest elan edib

Tokio Moskvaya protest elan edib
  18 Aprel 2025    Oxunub:1023
Yaponiya Kuril adalarının cənubundakı hərbi mövcudluğunu artırdığına və bu ərazidə hərbi təlimlər keçirdiyinə görə Rusiyaya etirazını bildirib.
AzVision.az “Financial Times (FT)” nəşrinə istinadən bildirir ki, Yaponiyanın Xarici İşlər naziri Takesi İvaya keçirdiyi mətbuat konfransında Rusiyanın aprelin 17-22-də Kunaşir, Şikotan və Habomai adaları ərazisində atışmalar üzrə təlimlər aparılacağı barədə Tokionu xəbərdar etdiyini deyib.

Lakin bu adaları öz əraziləri hesab edən Yaponiya Rusiyanın hərəkətlərini onun suverenliyinin pozulması kimi qiymətləndirir.

“Biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirdik. Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsi və bu cür təlimlərin keçirilməsi Yaponiyanın dörd şimal adasındakı mövqeyinə ziddir və qəbuledilməzdir”, - Yaponiya XİN-in rəhbəri vurğulayıb.

Qeyd edək ki, Moskva və Tokio arasında münasibətlər cənubi Kuril adaları ilə bağlı ərazi mübahisəsi səbəbindən mürəkkəb olaraq qalır. 20-ci əsrin ortalarından etibarən tərəflər İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi bağlamağa çalışırlar, lakin İturup, Kunaşir, Şikotan adaları və bir qrup kiçik adalara sahibliklə bağlı fikir ayrılıqları əsas maneə kimi aradan qalxmır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yaponiya   Rusiya   protest  





Xəbər lenti