İrəvan BMT-də Moskvanın əleyhinə çıxdı

   İrəvan BMT-də Moskvanın əleyhinə çıxdı
  18 Aprel 2025    Oxunub:1181
Ermənistan BMT Baş Assambleyasının Rusiyaya qarşı ittihamları ehtiva edən qətnaməsini dəstəkləyib.
AzVision.az xəbər verir ki, “Birləşmiş Millətlər Təşkilatı ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq: Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı sənədin lehinə 105 səs verilib ki, onların sırasında Ermənistan da yer alıb. ABŞ-də daxil olmaqla 9 ölkə onun əleyhinə çıxıb, 33 ölkə isə bitərəf qalıb.

Qətnamənin preambulasında, o cümlədən “Rusiyanın Ukrayna və Gürcüstana təcavüzündən” bəhs olunur. Qətnamədə həmçinin “Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə xüsusi tribunalın yaradılması” üzərində iş getdiyi xatırladılır.

Rusiya nümayəndə heyəti mətni tənqid edərək, onu “yolverilməz şəkildə siyasiləşdirilmiş” akt adlandırıb. ABŞ nümayəndələri də, öz növbəsində, sənəddə “sülhün əldə edilməsi istiqamətində irəliləyişə töhfə verməyən” müddəaların olduğunu vurğulayıblar.

Bununla belə, Baş Assambleyanın iclasından sonra verdiyi açıqlamada ABŞ-nin BMT-dəki səfiri Conatan Şrayer Birləşmiş Ştatların Avropa Şurasının insan hüquqlarının müdafiəsi və inkişaf etdirilməsi, demokratiyanın inkişafı və qanunun aliliyinin təşviqi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini, lakin qətnamənin ABŞ-nin iki ölkə arasında sülhün əldə olunması üçün faydasız saydığı Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəyanatları təsdiqlədiyini bildirib.

Eyni zamanda, Birləşmiş Ştatlar Avropa Şurasının və BMT-yə üzv olan bütün dövlətlərin Rusiya və Ukrayna arasında hərtərəfli və davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləyəcəyinə və gücləndirəcəyinə ümid etdiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   Rusiya   Ermənistan  





Xəbər lenti