Rubio: “ABŞ Ukrayna üzrə danışıqlardan çıxa bilər”

      Rubio:    “ABŞ Ukrayna üzrə danışıqlardan çıxa bilər”
  18 Aprel 2025    Oxunub:1272
Bir neçə günə Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə edilə biləcəyinə dair açıq-aşkar əlamətlər olmasa, ABŞ bu yöndə vasitəçilik cəhdlərini dayandıracaq.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, xəbər ABŞ-nin Dövlət katibi Marko Rubio aprelin 17-də axşam Parisdə Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndələri ilə görüşdən sonra belə bəyanat səsləndirib. Marko Rubionun sözlətinə görə, ABŞ prezidenti Donald Tramp sülh sazişinin bağlanmasında maraqlıdır, lakin onun bir çox başqa prioritetləri var. Ona görə də, bu məsələdə inkişaf əlamətləri olmasa, Tramp digər prioritetlər istiqamətində irəliləməyə hazırdır.

“İndi biz bunun, atəşin dayandırılmasının, ümumiyyətlə, mümkün olub-olmamasına qərar vermək məqamına yetişirik. Ona görə də hər iki tərəfi cəlb edirik. Bu işi həftələrlə, aylarla davam etdirməyə hazırlaşmırıq. Beləliklə, biz indi çox tez, mən günlərdən danışıram, bunun növbəti bir neçə həftə ərzində mümkün olub-olmamasını müəyyənləşdirməliyik. Əgər belədirsə, biz bu məsələdəyik, yox əgər belə deyilsə, bizim başqa prioritetlərimiz var”, - ABŞ-nin Dövlət katibi vurğulayıb.

Marko Rubio ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün əldə olunması məsələsinə “çox vaxt və enerji sərf etdiyini”, lakin dünyada baş verən bir çox başqa mühüm hadisələrin də mövcudluğuna diqqət çəkib.

- Biz faydalı olmaq üçün əlimizdən gələni etmək istəyirik. Dünən yaxşı görüş keçirdik. Düşünürəm ki, fransızlar, britaniyalılar, almanlar çox konstruktiv idilər və çox kömək etdilər. Ümid edirəm ki, gələn həftənin əvvəlində başqa bir görüş keçirəcəyik. Onda irəliləyiş əldə etməyə nə qədər yaxın olduğumuza dair daha konkret cavablarımız olacaq. Amma bu, daim davam etməyəcək”, - amerikalı siyasətçi bildirib.

Rubio, həmçinin bildirib ki, Avropa sanksiyalarının ləğvinin yekun sülh razılaşmasının bir hissəsi ola bilməsi üçün Aİ ölkələri Ukrayna danışıqlarında iştirak etməlidir.

“Rusiyaya qarşı sanksiyaların bir hissəsi Aİ-nin tətbiq etdiyi sanksiyalardır. Biz onları ləğv edə bilmərik. Buna görə də, sanksiyaların ləğvi nə vaxtsa razılaşmanın bir hissəsi olacaqsa, Aİ ölkələri danışıqlara qatılmalıdırlar”, - Marko Rubio açıqlamasında deyib.

Tramp: "Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək"
Onun sözlərinə görə, hər iki tərəf sülhə sadiq qalsa, Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır.

Ukraynaya təhlükəsizlik təminatının verilməsi imkanlarını şərh edən ABŞ-nin Dövlət katibi bu məsələnin, təbii ki, Ukrayna ilə bağlı hər görüşdə gündəmə gətirildiyini, lakin hələlik heç bir konkretlikdən danışa bilmədiyini diqqətə çatdırıb.

“Hər bir müstəqil ölkənin özünü müdafiə etmək hüququ var. Ukraynanın da özünü müdafiə etmək hüququ olacaq. Bunlar müxtəlif ölkələrlə ikitərəfli sazişlər ola bilər”, - Marko Rubio vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyadan onun atəşkəs təklifinə “bu həftə” cavab verəcəyini gözlədiyini bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, öz növbəsində, indiki mərhələdə atəşkəs barədə danışığı qeyri-real adlandırıb.


Sahil İsgəndərov
AzVision.az






Teqlər:   ABŞ   Ukrayna   imtina  





Xəbər lenti