Tramp qəfildən “yumşaldı”

   Tramp qəfildən “yumşaldı”
  18 Aprel 2025    Oxunub:1359
ABŞ prezidenti Donald Tramp, qlobal bazarları lərzəyə gətirən tariflərlə bağlı, Çinlə ticarət müharibəsinin sona çata biləcəyinə eyham vurub.
AzVision.az xəbər verir ki, belə məlumat yayan “Reuters” agentliyinin yazdığına görə, Donald Tramp, bununla belə “TikTok” platforması ilə bağlı məsələnin, böyük ehtimalla, açıq qalacağını deyib.

“Mən tarifləri artırmağa davam etmək istəmirəm, çünki nə vaxtsa insanlar mal almağı dayandıracaqlar. Ona görə də, ola bilsin ki, mən onları yüksəltmək və ya hətta bu səviyyədə saxlamaq istəməyəm. Mən onları aşağı salmaq istəyə bilərəm, çünki insanların alışlarına ehtiyacımız var və nə vaxtsa onlar bunu etməyəcəklər”, - ABŞ prezidenti Ağ Evdə jurnalistlərə deyib.

Trampın sözlərinə görə, rüsumlar tətbiq olunduqdan sonra Pekin Vaşinqtonla əlaqəni davam etdirir və o, ticarət razılaşması perspektivlərinə nikbindir. Bununla belə, Amerika lidei danışıqların gedişi ilə bağlı təfərrüatlar verməkdən yayınaraq, Çinin sədri Si Cinpinin danışıqlarda şəxsən iştirak edib-etmədiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Donlad Tramp, həmçinin Çinin “ByteDance” şirkətinə 170 milyon amerikalının istifadə etdiyi qısa video tətbiqinin ABŞ-dəki aktivlərini satmaq üçün son müddəti dəfələrlə uzadıb. O, dünən bildirib ki, aktivlərin ləğvi ilə bağlı razılaşma, böyük ehtimalla, ticarət məsələsi həll olunana qədər gözləməli olacaq.

“TikTok ilə bağlı bizim təklifimiz var, lakin bu, Çindən asılıdır. Ona görə də, bu və ya digər şəkildə vəziyyət həll olunana qədər sövdələşməni təxirə salacağıq”, - ABŞ prezidenti vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Çin   "yumşalma"  





Xəbər lenti