Pentaqonda daha bir istefa

Pentaqonda daha bir istefa
  16 Aprel 2025    Oxunub:672
ABŞ-nin Müdafiə nazirliyi məxfi materialların, o cümlədən Ukrayna üzrə məlumatların sızması ilə bağlı araşdırma çərçivəsində daha bir yüksək vəzifəli məmuru inzibati məzuniyyətə göndərib.
AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “Politico” nəşrinin yazdığına görə, aprelin 16-da Müdafiə nazirinin Baş Qərargah rəisinin müavini Darin Selnik Pentaqonun binasından çıxarılıb. Bundan əvvəl “Reuters” agentliyi Pentaqonun baş müşaviri Den Kolduellin də analoji qaydada vəzifəsindən kənarlaşdırıldığını bildirmişdi.

“Təhqiqat ABŞ-nin Panama kanalındakı planları, Qırmızı dənizdə başqa bir təyyarədaşıyıcının yerləşdirilməsi ehtimalı, habelə sahibkar İlon Maskın Pentaqona səfəri və Ukrayna üzrə kəşfiyyat məlumatlarının toplanması barədə materialların sızması ilə bağlıdır”, - “Politico” nəşrinin mənbələrindən biri deyib.

Aprelin əvvəlində məlum olub ki, Pentaqonun baş müfəttişi ABŞ-nin Yəmənə endirdiyi zərbələrə dair məlumatların “Signal” messencerində sızması ilə bağlı araşdırmaya başlayıb. Araşdırmanın məqsədi Müdafiə naziri Pit Heqsetin və digər vəzifəli şəxslərin kommersiya messencerlərindən xidməti məqsədlər üçün istifadə qaydalarına nə dərəcədə əməl etdiyini müəyyənləşdirməkdir.

Belə ki, martın 24-də “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq dərc etdiyi məqalədə martın 11-də Mayk Uolts (ABŞ preizdentinin Milli Təhlükəsizlik üzrə müşaviri) adlı istifadəçidən “Signal” messencerinə qoşulmaq üçün müraciət aldığını bildirib. İki gün sonra jurnalist ABŞ administrasiyasının üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi qrup söhbətinə əlavə olunduğu barədə bildiriş alıb. Martın 15-də isə Pit Heqset (Pentaqonun rəhbəri) ləqəbli istifadəçi husilərə qarşı qarşıdakı zərbələrin təfərrüatları və əməliyyatın başlamasının gözlənilən tarixi ilə bağlı mesaj dərc edib.

Məlumatın sızması Amerika siyasətində səs-küyə səbəb olub. Demokratlar partiyasının nümayəndələri hadisəni Tramp administrasiyasının ciddi uğursuzluğu adlandırıblar. Konqresdə Milli Təhlükəsizlik üzrə müşavir Mayk Uolts və digər rəsmilərin istefası tələb olunur.

Lakin ABŞ prezidenti Donald Tramp bütün tələblərə baxmayaraq, bu məsələ ilə bağlı Pit Heqseti və Mayk Uoltsu istefaya göndərməyəcəyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Pentaqon   istefa  





Xəbər lenti