İranda İsrailə məlumat ötürən onlarla şəxs saxlanılıb
İranın “Tasnim” xəbər agentliyi bildirir ki, 20 nəfər hərbi və təhlükəsizlik obyektlərinin yerləri barədə məlumatları İsrailə ötürməkdə ittiham edilərək saxlanılıb.
Agentliyin məlumatına görə, ölkənin şimal-şərqində daha 10 nəfər həbs olunub. Onların isə həssas obyektlər və iqtisadi infrastrukturlar barədə məlumat topladığı iddia olunur.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat strukturunun regional bölməsi “Tasnim”ə açıqlamasında bildirib ki, İsrail və ABŞ hücumlara paralel olaraq casus və muzdlu şəxsləri aktivləşdirərək iğtişaşlar törətməyi planlaşdırırlar .
Bundan başqa, “Student News Network” xəbər verir ki, ölkənin qərbində yerləşən Luristan vilayətində üç nəfər “ictimaiyyəti çaşdırmağa və matəm simvollarını yandırmağa cəhd göstərmək” ittihamı ilə saxlanılıb.
Reuters agentliyi də mənbələrinə istinadən yazır ki, İsrail hücumların yeni mərhələsində yerli informatorlardan aldığı məlumatlar əsasında təhlükəsizlik nəzarət-buraxılış məntəqələrini hədəfə almağa başlayıb.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hazırkı hərbi əməliyyatlara başlamasından bir neçə həftə əvvəl – yanvar ayında ölkədə geniş anti-hökumət etirazları baş vermişdi. İran hökuməti həmin aksiyaları İsrail və ABŞ-ın təşviq etdiyini iddia edərək onları “hakimiyyəti devirməyə yönəlmiş zorakı iğtişaşlar” adlandırmışdı.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


