Qəbələdə keçirilən regional konfrans başa çatıb - FOTOLAR

 Qəbələdə keçirilən regional konfrans başa çatıb -  FOTOLAR
  12 May 2025    Oxunub:427
Mayın 12-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda Qəbələdə keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.
AzVision.az xəbər verir ki, Konfransın “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan birinci panel sessiyasına Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Məmmədov moderatorluq edib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov çıxış edərək, Azərbaycanda dövlət-din münasibətlərinin dünyəvilik prinsipi ilə tənzimlənməsindən danışıb. Bildirib ki, Azərbaycanda tətbiq olunan dünyəvilik prinsipi dini cəmiyyət həyatından ayıran dünyəvilik anlayışı deyil. Bu, öz ifadəsini Ulu Öndərin “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik” sözlərində ən gözəl şəkildə tapır. Rektor çıxışında dövlətimizin dini təhsilin inkişafına, dini icmaların fəaliyyətinə göstərdiyi dəstəkdən də bəhs edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Heydər Əliyevin milli-mənəvi dəyərlərə, adət-ənənələrə, dini etiqada əsaslanaraq, çox böyük milli-əxlaqi və bəşəri duyğuları özündə cəm edən, cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnək olan dahi şəxsiyyət olmasından danışıb. Tarixçi alim çıxışında Ümummilli Liderin dövlətçiliyimizin formalaşması və möhkəmlənməsi istiqamətində gördüyü misilsiz işlər barədə də tarixi faktları diqqətə çatdırıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşən Musayev Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda, dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərini vurğulayıb. Bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul olunması məhz Heydər Əliyevin dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və möhkəm siyasi iradəsinin nəticəsidir. Ulu Öndərin rəhbərliyi ilə xalqın iradəsini və milli maraqları əks etdirən bu mühüm fundamental sənədin hüquqi və ideoloji əsasları formalaşdırılıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi Müşfiq Şükürovun (Ötgün) moderatorluğu ilə “Azərbaycanda ənənəvi dini mühit və ona qarşı təhdidlər” mövzusunda keçirilən ikinci paneldə çıxış edən Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov ölkəmizdə tarixən formalaşmış dini mühitin tolerantlıq, qarşılıqlı anlaşma və məzhəblərarası həmrəylik üzərində qurulduğunu bildirib. Qeyd edib ki, əsrlər boyu bu coğrafiyada müxtəlif İslam məzhəblərinin nümayəndələri dinc şəraitdə birlikdə yaşamaqla yanaşı, dini dəyərlərin qorunmasında da birlik nümayiş etdiriblər. Bu ənənəvi dini vəhdət, yalnız dini sferanın deyil, həm də milli kimliyin və ictimai sabitliyin mühüm dayaqlarından biri olub. Lakin son dövrlərdə regionda və dünyada baş verən geosiyasi dəyişikliklər, radikal dini ideologiyaların yayılması və xarici təsirlər Azərbaycanda da məzhəbçilik meyillərinin güclənməsi riskini gündəmə gətirib. Bu baxımdan, məzhəbçiliyin fövqündə duran ümumi dini dəyərlərin aktuallaşdırılması və bu dəyərlərin milli birlik və dini bütünlük kontekstində təhlili xüsusi əhəmiyyət daşıyır.

Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov isə dünyəvi dövlətdə dini təhdidlər və tədbir mexanizmləri haqqında danışıb. Təəssüf hissi ilə bildirib ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də dünyanın bir çox nöqtəsində dinin siyasiləşdirildiyinin, dövlətlər tərəfindən bir-birinə qarşı silah kimi istismar edildiyinin şahidi oluruq. Bu mənada, din bəzən dövlət və cəmiyyətlərin dayaq nöqtəsi, onların müvəffəqiyyətini təmin edən amil olaraq çıxış etdiyi kimi, bəzən də siyasiləşdirilərək tamamilə fərqli rakursdan təqdim olunur.

Buna görə də müasir dövrdə dövlətlər və cəmiyyətlər dinə daha çox həssas yanaşır, onu ictimai təhlükəsizlikdə mühüm amil kimi görürlər.

Daha sonra çıxış edən Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Daşdəmir Mahmandarov sosiologiya elminin yaranması və onun modernliklə əlaqəsi mövzusuna toxunub. Bildirib ki, sosiologiya insan həyatında baş verən böyük dəyişiklikləri – yəni köhnə ənənələrin sarsılması və yerinə yeni düşüncə formalarının gəlməsini izah etmək məqsədilə meydana çıxıb. Müxtəlif sosioloqların bu dəyişiklikləri fərqli adlarla izah etdiklərini deyən natiq vurğulayıb ki, modernlik fonunda dinin cəmiyyətdəki rolu da dəyişib.

Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, qlobal çağırışlar, dünyada baş verən mürəkkəb proseslər dini-ideoloji sahəyə diqqətin artırılmasını, bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və inanclı kontingent arasında təbii harmoniyanın möhkəmləndirilməsini zəruri edir. Komitə sədri mühüm məsələlərin müzakirə edildiyi və faydalı təcrübələrlə zəngin olan silsilə regional konfransların bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda müvafiq dövlət orqanlarının nümayəndələri, Qəbələ, Oğuz və Şəki rayonlarında fəaliyyət göstərən 180-dan çox din xadimi iştirak edib.

AzVision.az

Qalereya




Teqlər: konfrans   Qəbələ   regional  





Xəbər lenti